Azərbaycanın müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib: "Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilmiş və sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. Azərbaycanda həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir".
Nazir qeyd edib ki, Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır: “2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər ay 316,3 milyon manat vəsait ödənilir. Bu etibarlı sistemin birinci istiqaməti üzrə bazar iqtisadiyyatı şəraitində sosial risklərdən sığorta prinsipi əsasında səmərəli qorunma mexanizmini özündə ehtiva edən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya sistemi vasitəsilə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları ödənilir".
S.Müslümov qeyd edib ki, sosial müdafiənin digər ayrıca istiqaməti kimi dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlər sistemi fəaliyyət göstərir. Bu müavinətlər əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilir və onların yaşayışını minimal səviyyədə təmin etmək və ya hansısa istiqamət üzrə konkret ehtiyaclarını qarşılamaq məqsədi daşıyır. Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir.