XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 Noyabr 2015 - 16:04

SOCAR-ın adından istifadə edən fırıldaqçılar peyda olub – Şirkət xəbərdarlıq etdi

“Son illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünyada nüfuzunun artması və beynəlxalq brend kimi tanınması ilə əlaqədar şirkətdə karyera qurmaq istəyən vətəndaşların sayı artır və bəzi “işbazlar” insanların bu istəyindən öz şəxsi mənafeləri üçün istifadə etməyə cəhd göstərirlər”.

Strateq.az xəbər verir ki, bu sözlər Dövlət Neft Şirkətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, 2011-ci ildən etibarən SOCAR üzrə işə qəbul mərkəzləşdirilmiş qaydada şirkətin insan resursları departamenti tərəfindən müsabiqə yolu ilə şəffaf həyata keçirilir:

“Lakin müxtəlif şəxslər, “işbazlar”, şirkətlər və ya onların nümayəndələrinin SOCAR adından saxta iş təklifləri kimi faktlara hələ də rast gəlinməkdədir. SOCAR işə qəbulla bağlı “işbazlar” tərəfindən aldadılmış vətəndaşlardan ünvanlanan müraciətləri hüquq-mühafizə orqanlarına göndərib və bəzi tədbirlər görülüb.

İnsan resursları departamenti bir daha vətəndaşların diqqətinə çatdırır ki, SOCAR-da işə qəbul olunmaq üçün heç bir vəsait tələb olunmur, işə qəbul prosesi tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir. Odur ki, departament bir daha vətəndaşları sayıq olmağa, müxtəlif şəxslərin, fırıldaqçı şirkətlərin saxta təkliflərinə aldanmamağa çağırır.

SOCAR-ın insan resursları departamenti işə qəbul prosesi ilə bağlı aşağıdakı məqamları bir daha vətəndaşların diqqətinə çatdırır:

1. SOCAR-da işə qəbul prosesində namizədlərdən hər hansı bir mərhələdən keçmək üçün ödəniş və ya bank hesab rekvizitləri tələb edilmir.

2. SOCAR-da mövcud olan vakansiyalar şirkətin (http://careers.socar.az) və onun struktur bölmələrinin veb-səhifələrində, həmçinin “İki Sahil” qəzetində elan olunur.

3. Elektron müraciət formasını vətəndaş özü doldura bilmədikdə, bu işə nəzarət etməklə ən etibarlı şəxslərə həvalə edərək, müraciətdə öz mobil nömrəsinin və elektron poçt ünvanının qeyd olunmasından əmin olmalıdır.

4. Test, müsahibə və ya peşə sınaq imtahanları yalnız SOCAR-ın insan resursları departamentinin inzibati binasında (Ş.Mirzəyev küçəsi 26 ünvanında) və ya departament tərəfindən müəyyənləşdirən başqa istehsalat sahələrində (ünvanları imtahandan 2-3 gün əvvəl SOCAR-ın insan resursları departamenti vasitəsilə namizədlərin telefon nömrələrinə (521 prefiksli nömrələrdən) və elektron poçtlarına ([email protected]) bildiriş şəklində göndərilir. İmtahanlarda departamentin səlahiyyətli nümayəndəsi iştirak edir.

Əgər vətəndaşlar şübhəli zəng (xüsusi ilə də mobil nömrələrdən, gizli zənglər vasitəsilə) və ya yahoo.com, gmail.com, mail.ru tipli ödənişsiz hesablardan e-poçt vasitəsilə məlumat alıblarsa, onlara bu şəxslər və ya şirkətlər tərəfindən təqdim edilən saxta iş təklifi və ya xidmətlər barədə hüquq-mühafizə orqanlarına məlumat vermələri tövsiyə olunur”.

Strateq.az