XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

09 May 2017 - 16:49

Şəmsəddin Əliyev:"Bəşəriyyəti dialoq xilas edəcək"

Şəmsəddin Əliyev,

“Polisə Dəstək” İB-nin sədri

 

05 may 2017-ci il tarixdə Bakı daha bir beynəlxalq tədbirə – IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci ildə irəli sürüdüyü  “Bakı Prosesi” çərçivəsində 4-cü beynəlxalq görüşdür.

Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş təəssürat yaradan mənalı çıxışının, görk olacaq mülahizələrinin, uzaqgörən və gələcəyə hesablanan diplomatiyanın və xarici siyasətin davamı kimi dəyərləndirmək olar. BMT TŞ-nin  Azərbaycanla bağlı 4 qətnaməsinin icraya yönəlməməsi, TŞ-nin daimi üzvlərinin buna  göz yumması və qeyd olunanların  BMT-nin nüfuzuna xələl gətirsə də susqunluğun hökm sürməsi ifadəsi həm iştirakçılar, həm də TŞ üçün bəyanat xarakterli akt təəssüratını bağışladı. Bu, Azərbaycan xalqının adından Baş Komandanın səsləndirdiyi bir bəyanat idi.

 “BMT bu dərəcədə əyilməmişdi. Qurumun kiçik bir dövlətin hərəkətlərinə və açıq hörmətsizliyinə yumşaq yanaşması təəccüb doğurur”. (Sitat mənimdir. Ş.Ə)

Forumda çıxış edən BMT-nin informasiya departamentinin rəhbəri Mahir Nasir geniş, əhatəli və rezonans doğuran beynəlxalq tədbirin yüksək təşkilatçılıqla hazırlanmasına və həyata keçirilməsinə məmnunluğunu ifadə etdi. O, beynəlxalq aləmdə təhlükəsizliyin təmin olunmasına önəm verərək, ekstremizm və dini radikalizm hallarına qarşı bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdıraraq, internetin də ekstremizm üçün təbliğat vasitəsinin olduğuna narahatlığını ifadə etmişdir.

 İSESKO-nun baş direktoru Əbdüləziz Osman da “bəşəriyyətə sülh lazımdır” – deyə bildirdi ki, Azərbaycan bu mənada mədəniyyətlər arasında əlaqənin canlı nümunəsidir. Qənaətimə görə əgər Azərbaycanda ictimai asayişin, vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin  təhlükəsizliyinin davamlı təmini, ölkədə sabitliyin fasiləsiz nəzarətdə  saxlanılması Azərbaycan dövlətinin daxili və milli təhlükəsizlik konsepsiyasının, cinayətkarlıqla mübarizə siyasətinin uğurlu nəticəsidir ki, beynəlxalq tədbirlərə Bakının ev sahibliyinə çevrilməsinə inam və imkan yaradır. Çəkinmədən deyirəm, bu əmin-amanlığı sağlamlıqlarının bahasına hamıya bəxş edən Azərbaycan Polisi, onlara dəstək verən vətəndaşlar, könüllülər və dövlətin polisə, təhlükəsizlik əməkdaşlarına etimadı, DTX milli təhlükəsizliyimizə  zəmanət verən orqan kimi koordinasion qaydada DİN-lə və Baş Prokurorluqla qurulan sıx əlaqənin nəticəsidir.

Bakıda keçirilən beynəlxalq tədbirlərin, idman yarışlarının və müxtəlif mədəniyyətlərə xas multikultural tədbirlər zamanı ictimai münasibətlərə zidd hüquqpozmaların baş verməməsi, ictimai qaydaların mühfizəsi məsələləri ölkənin paytaxtında və  regionlarında beynəlxalq səviyyəli yarışlar və forumlar üçün sərbəst şərait yaradır, Azərbaycanı xarici turistlər üçün cəlbedici məkana çevirir. Qonaqlara hörmət və ehtiram, asayiş keşikçilərinin və təhlükəsizlik əməkdaşlarının tədbirlərin keçirildiyi yerlərdə dəqiq “dislokasiya”sı – marşrutlarda hərəkətin və şübhə doğuran şəxslərin heç kimin sezmədiyi qaydada və heç kimin rahatlığını pozmadan izlənilməsi iki-üç gün davam edən forumların, idman yarışlarının keçirildiyi yerlərdə isə 10-15 gün ərzində (eyni zamanda məskunlaşdırdıqları otelllərdə) mühafizəyə cəlb edilməsi ilk baxışdan adi təəssurat yarada bilər. Amma tədbirlər planı Təşkilat Komitəsinin sədri Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın bilavasitə rəhbərliyi, tövsiyyələri və təhlükəsizlik orqanlarının zərgər dəqiqliyi ilə tərtib olunmuş dislokasiyası əsasında həyata keçirilməsinin nəticəsidir.

Zənnimcə, əgər Azərbaycan Respublikasında  ali tədbirlərin keçirilməsinə bir tərəfdən ölkə Prezidentinin uzaqgörən siyasəti zəmanət verirsə, digər tərəfdən həmin siyasi konsepsiyaya əsaslanaraq  təhlükəsizliyin və sabitliyin davamlı olmasına imkan yaranır. Amma, burada məntiqli bir məna var: Əgər Azərbaycan mədəniyyətlərarası dialoq üçün əlverişli ölkədirsə, deməli, dünyada təhlükəsizliyin təmini, ekstremizmə, antisemitizmə, dini radikalizmə və terrorizmə qarşı da, mübarizə aparmaq üçün dialoqların rolu şəksizdir. (Söhbət səmimi dialoqdan gedir). Azərbaycan dünyaya sübut etdi ki, istək, sağlam siyasət, demokratiya və səmimi dialoq olarsa “fobiyalara” – təşviş və qorxulara, müxtəlif nevrozlara yer qalmır. (ikinci dünya müharibəsi zamanı faşist Almaniyasının yəhudilərə qarşı amansız davranması Antisemitizmin bariz nümunəsi və  heç zaman unudulmayan, qeyri insani vəhşilik kimi həmişə xatırlanacaq).

AŞ baş katibinin müavini Qabriella Battaini də iştirakçılara iradə azadlığına hörmətlə yanaşmağa, insanlığa qarşı hər hansı bir antisemitizm hallarına qarşı olmağa sanki bir çağırış etdi.

BMT baş katibinin hüququn aliliyi və təhlükəsizlik institutları üzrə müavini Aleksandr Zuyev də oxşar, ekstremizm hallarının cəmiyyətə zərbə vurduğundan gənclər arasında maarifləndirmə işinin gücləndirilməsini tövsiyə etdi.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolunun vacibliyi də  vurğulandı. Həmin paneldə Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyevanın “Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir” – ifadəsi Azərbaycanın güclü dövlət olmasına işarə idi və alqışlandı.

Dünyanı daha təhlükəsiz etmək üçün Forumda YUNESKO-nun direktoru İrina Bokova səmimi çıxışı ilə iştirakçılara xoş ovqat bəxş etdi.

12 may tarixində  IV İslam oyunlarının həmrəyliyi də yüksək təhlükəsizlik və təşkilatçılıq missiyası ilə başlayacaq və dünyaya nümunə olacaq təəssuratla İnşəallah sona çatacaq.

İdmançılarımıza və sədaqətlə davam edən şərəfli xidmətin iştirakçılarına uğurlar arzulayıram.