XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 07:18

“Azərişıq” ağacları qırıb parkın içində özünə bina tikir – (Fotolar)

Bakının mərkəzində yenə “yaşıl soyqırımı” gedir, ağaclar kəsilir, yerində tikinti işləri aparılır.

Paytaxtda ağacların qırılması əslində yeni hadisə olmasa da bu dəfə vəziyyət bir az fərqlidir. Ağacları kəsən və yerində bina tikən ayrı-ayrı işbazlar, sahibkarlar, kommersiya təşkilatları yox, dövlət qurumlarından biridir.

Virtualaz.org saytı xəbər verir ki, Rixard Zorge parkının bir hissəsindəki yaşıllıq kəsilərək yerində “Azərişıq” ASC üçün inzibati bina tikilir. Tikinti işləri bir neçə gündür başlayıb. özü də Nəsimi Rayon İcra Hakimiyyətinin düz gözünün önündə. RİH-in pəncərələri birbaşa həmin əraziyə açılır.

Qeyd edək ki, Rixard Zorge parkı Bakının mərkəzində qalan azsaylı, nadir yaşıl parklardandır. “Azərişıq” ASC üçün Bakıda sanki yer qəhət imiş. Parkda ASC-yə bina tikmək üçün hasara alınan ərazi o qədər də geniş deyil. Bu da sual yaradır: başqa yer yox idimi, ümid elə buradakı yaşıllığa qalmışdımı?

Prezident İlham Əliyevin ağacların kəsilməsi ilə bağlı xəbərdarlığı yəqin ki, kimlərinsə yadından çıxıb. Amma elə mətbuatın arxivində İlham Əliyevin nəqliyyat naziri Ziya Məmmədova etdiyi xəbərdarlığı bir daha tapıb oxumaq olar.

ötən ilin may ayında İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmiryol vağzalının yeni binasının açılışında iştirak etmişdi. Dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxmışdı. Burada prezidentə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilmişdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq.

Z.Məmmədovun təqdimatına reaksiya verən İ.Əliyev nazirin sözünü kəsərək belə demişdi: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm…”

İndi görünən budur ki, məmurlar prezidentin gedib görmədiyi yerlərdə istənilən yaşıllığı məhv edərək istədikləri işləri görə bilərlər. çünki prezidentdən fərqli olaraq onların ağaclara heyfi gəlmir…

Paytaxtdakı növbəti “yaşıl soyqırımı” faktına münasibət öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən virtualaz.org saytına bildirildi ki, fakt nazirliyin müvafiq qurumları tərəfindən araşdırılandan sonra ona münasibət bildiriləcək.

İlkin Muradov

Fotolar Vüsalə Abdullayevanındır

Virtualaz.org