XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2015 - 15:32

UNESCO-nun konfransında erməni nazirin Bakıya ittihamlarına sərt cavab verildi

 

unesko.jpg

UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının ümumi siyasi debatlar çərçivəsində ölkələr milli bəyanatlarını təqdim edib.

Ermənistanın xarici işlər naziri təqdimat zamanı saxta ittihamlar səsləndirib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov cavabvermə hüququndan istifadə edərək erməni nazirin çıxışına münasibət bildirib. O qeyd edib ki, Ermənistan xarici işlər nazirinin verdiyi bəyanatın ölkəmizə qarşı saxta, düşmənçilik və nifrətlə dolu şərhdən ibarət olması cavabvermə hüququndan istifadəyə ehtiyac yaradır.

Anar Kərimov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunub. Buna baxmayaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan tarixi ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. Bu işğalın nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır.

“Ermənistan nazirinin bu çıxışı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonda deyil, eləcə də Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin yer üzündən silinməsi faktlarını gizlədərək beynəlxalq cəmiyyəti çaşdırmaq cəhdini bir daha əks etdirir. Məscidlər, tarixi abidələr, qəbiristanlıqlar, muzeylər kimi mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılması Azərbaycanın bu ərazilərdə tarixi mövcudluğunu silib atmaq məqsədi daşıyır. Ermənistanın Masis rayonunda Ağa Dədə məscidinin və qəbiristanlığının dağıdılması bu ölkənin Azərbaycana qarşı apardığı çoxsaylı dağıdıcı siyasətdən bir nümunədir. Belə dağıdıcı siyasət beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də UNESCO-nun məqsəd və prinsiplərini birbaşa pozur” – deyə Anar Kərimov bildirib.

O, həmçinin vurğulayıb ki, işğalın çoxsaylı ağır nəticələrindən əziyyət çəkən ölkə olaraq mədəni irsin qorunması Azərbaycan üçün həmişə ən əhəmiyyətli və həssas məsələlərdən bir olub və olmaqdadır. Bu gün Ermənistan mono-etnik bir dövlət olduğu halda, bir çox etnik qrupların və dini icmaların məkanı olan Azərbaycan dini və milli tolerantlıq sahəsində konkret və səmərəli siyasət həyata keçirməklə öz təcrübəsini beynəlxalq cəmiyyətlə bölüşür.

A.Kərimov UNESCO-nun sülh və tolerantlıq evi olduğunu diqqətə çatdıraraq bu təşkilatın nifrət hissi və əsassız ittihamlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa yox, yalnız yaxşı və firavan gələcək üçün ədalətli və düzgün həll yollarına çağırdığını deyib.