…Avtobusun arxa oturacaqlarında yerlərini rahatlamışdılar. Arıq, sısqa uşaqların kədərli gözlərinin rəngi də çox qəribəydi. Baxışlarındakı dibsiz dərinliklərdə həyat görünmürdü. Gecənin bu vaxtı avtobusda nə işləri vardı, haradan gəlib, haraya gedirdilər? Gözüm üzlərində qalmışdı. “Detdom uşaqlarının atası olmur”, bəs “küçə uşaqları”nın necə? – qəfildən bu fikir gəldi ağlıma.
Başlarını aşağı salıb gizlincə yapışqana oxşar maddəni iylədiklərini görəndən sonra hər şeyi anladım…
Bilirəm ki, yazıya seçdiyim başlıq birmənalı qarşılamayacaq. Muraciət etdiyim mövzu çoxumuzun ürəkağrısı ilə yanından ötüb keçdiyimiz “küçə uşaqları”dır.
“Küçə uşağı”… Bu məfhum leksikonumuza necə gəldi, onu kim gətirdi? Bunu dartışmaq istəmirəm. Məsələnin görünən tərəfi odur ki, o uşaqlara kömək etməliyik. Onların küçələrdə səfil-səfil gəzməsi, məcburi əməyə cəlb edilməsi və yaxud da qara əməl sahiblərinin “əl quzusuna” çevrilməsi yaxşı bir şey vəd etmir…
Bəslənib-süslənmiş, atalı-analı uşaqlara “küçə uşaqları”nın həsədlə baxmasının dəfələrlə şahidi olmuşam. Onlar heç də bizə yad deyillər, çünki onlar da bizim birimizdir, daha doğrusu, bizim kimi olmalıdırlar.
İlk növbədə o tifilləri küçələrə salan səbəbləri tapmalı, “niyə”, “nə üçün”, “nədən” suallarına birlikdə cavab axtarmalıyıq.
Səbəblərdən biri valdeynlərdir. Buna heç şübhəniz olmasın. Valideyn məsuliyyəti bir az yumuşaq, obrazlı yanaşma olsa da, hüquq çərçivəsində bu, həm də birbaşa vətəndaş məsuliyyəti yaradır. Min bir əzab-əziyyətlə dünyaya uşaq gətirib onu küçələrə atmağa, ana nəvazişindən, ata qayğısından məhrum etməyə nə ad vermək olar. Heç kim heç bir vəchlə bu məsələdə özünə haqq qazandıra bilməz.
Bəli, bu gün ölkəmizdə valideyn nəvazişindən məhrum olan uşaqlara, körpələrə dövlətimiz sahib çıxır, onların qayğısına qalır. “Heydər Əliyev Fondu”nun dəstəyi ilə təkcə paytaxtımızda deyil, yerlərdə də yeni-yeni körpələr evləri, internat məktəbləri, uşaq baxçaları tikilir, əsaslı təmir olunur. Aztəminatlı ailələrə dövlət yardımı ilbəil artır. Bircə faktı demək kifayətdir ki, bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və dövlət hər ailəyə orta hesabla hər ay 153 manat yardım göstərir.
Demək, valideyn məsuliyyəti çatışmır. Təəsüflər olsun ki, ictimai nəzarət mexanzimi işləmir. “Nəyimə lazım”ların unutqanlığımıza yol açdığını anlasaq da keçmişi unutmamaq üçün gələcəyi qorumaq və qurmaq naminə həmrəylik nümayiş etdirməkdə acizlik göstəririk. Əksər qeyri-hökumət təşkilatları xaricdən dəstək, qrant almaq naminə ən müxtəlif cinayətlərə görə həbs olunmuş şəxsləri guya “vicdan məhbusu” kimi qələmə verir, özlərini insan hüquqıarının müdafiəçisi libasına soxurlar. Amma bəs bu “küşə uşaqları” insan deyillərmi, bəlkə onların hüququ-filanı yoxdur? Hər işimizi hökumətin, polisin üstünə atmaq lazımdır?
Hanı bir girəvə düşən kimi yaxasını-başını cıran, haqdan-ədalətdən dəm vuran din adamları? Bu günahsız körpələri Allah yaratmayıbmı? Niyə bircəciyinə yiyə durmur, onları küçələrdən, keçidlərdən yığmağa heç olmasa təşəbbüs belə göstərmirsiniz?!
Azyaşlıların və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət əməlləri də statistikada yer alır. Təəssüflər olsun ki, onların arasında narkomaniya qurbanları da var.
Bu vacib məsələ ilə əlaqədar DİN rəhbərliyinin göstərişi ilə paytaxtımızda və yerlərdə mütəmadi olaraq polis tərəfindən maarifləndirici tədbirlər keçirilir, profilaktiki iş aparılır. Valideyn, məktəb və polis həmrəyliyi bəzən yaşanacaq faciənin qarşısını vaxtında alır. Hətta valideyn nəvazişindən məhrum olan uşaqların sığındığı uşaq evlərinin rəhbərliyi ilə söhbət edərkən onlar paqondaşlarımızdan çox razılıq edirlər.
Məsələn, “ümid yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin rəhbəri Nigar Mənsimli azyaşlılar və yeniyetmələr üzrə məsul olan əməkdaşları tərəfindən valideyn nəvazişindən məhrum olan, kimsəsiz, baxımsız qalan, küçələrə atılan uşaqların cəmiyyətə gətirildiyini bildirir.
Könül istərdi ki, bu işə hamımız birlikdə və daha çox vicdanla, daha artıq təəssübkeşliklə yanaşaq. Onlar gələcəyimiz, vətənimizin bir parçası, həm də taleyimizdirlər.
Uşaqlarımız şən, firavan həyat yaşasın. Adlarının qarşısında “küçə” sözü olmasın.
Gəlin, onların taleyinə, gələcəyinə biganə qalmayaq. Qaranlığı lənətləməkdənsə, hərəyə bir şam yandıraq, uşaqlarımızın gələcəyi üçün.
Hafiz Təmirov,
polis kapitanı
P.S: Küçələrin işıqlarını söndürməyin, uşaqlar qorxar…