“Cümə günündən indiyədək 150 ölkəyə təsir etmiş kiberhücum hökumətlər tərəfindən bir "xəbərdarlıq" kimi qiymətləndirilməlidir”.
Bu barədə Microsoft şirkətinin yaydığı açıqlamada deyilir. Şirkət hökumətləri məlumatlarını zəif proqram təminatlarında saxlayaraq hakerlər üçün asanlıqla əldə edilməyə imkan yaratmaqda təqsirləndirib.
Şirkət kiber hücumda istifadə edilən virusun Microsoft-un Windows əməliyyat proqramında mövcud olan, ABŞ kəşfiyyatı tərəfindən aşkarlanan və onlardan oğurlanan boşluqdan istifadə etdiyini deyir. Bazar ertəsi həftənin ilk iş gününün başlaması ilə daha çox hücumların baş verəcəyi təhlükəsi olduğu düşünülür. Lakin hələ ki, yeni hücumlar barədə məlumat azdır.