Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri ləğv edilib.
Bu barədə Strateq.az-a “Azəriqaz”dan məlumat daxil olub. Məlumatda bildirilir ki, adıçəkilən sahələrin bazasında hüquqi şəxs statusuna malik olmayan iki qurum – Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.
Məlumatda o da qeyd edilir ki, bu dəyişiklikdən sonra işçilərin yeni departamentə qəbulu testlə həyata keçiriləcək: “Bu zaman işçilərin peşəkarlıq səviyyəsi SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti tərəfindən şəffaf şəkildə yoxlanılacaq və onlar biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan Departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq Birliyin İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur. Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət ediləcək. Artıq 10 noyabr 2015-ci il tarixdən adı çəkilən proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən işçilər 1 ay müddətində Proqrama qoşulmaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının işçilərinə şamil olunacaq”.
O da qeyd olunur ki, test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri “Azəriqaz” İB və İRD tərəfindən operativ şəkildə araşdırılacaq və nəticə barədə vətəndaş məlumatlandırılacaq.
Strateq.az