24-25 mayda Bakıda I-ci Azərbaycan-Rumıniya Universitet Forumu keçiriləcək
Rumıniya təhsil nazirinin müavini Qiqel Paraskivin rəhbərlik edəcəyi nümayəndə heyətinə Rumıniyanın əsas universitet mərkəzlərindən olan 10 qabaqcıl ali təhsil müəssisələrinin rektor, prorektor daxildir.
Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku bu gün keçirdiyi birifinqdə bildirib ki, tədbirin ilk günü təhsil nazirliklərinin nümayəndələri və universitetlər Azərbaycan və Rumıniyada təhsil islahatları, artıq rəqabətə çevrilən beynəlxalq mühitdə ali təhsilin yenidən struktura salınması və əmək bazarının ehtiyac və tələblərinə adaptasiya olmaq kimi məsələlərlə bağlı ümumi maraq doğuran məsələlərə aid fikir mübadilləri edəcək və təcrübələrini bölüşəcəklər. ADA Universitetinin ev sahibliyi edəcəyi Forumun ikinci günü universitetlərarası əlaqələrə həsr olunacaq. Tədbirdə Azərbaycan və Rumıniyanın ali təhsil müəssisələri arasında mübadilə və mobilliyin (həm tələbələr, həm də müəllim heyəti üçün) gücləndirilməsinə yol açan bir neçə universitetlərarası anlaşmaların imzalanması da gözlənilir. Görüşdə azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş təqaüd proqramlarından danışan səfir əlavə edib ki, Rumıniya hökuməti tərəfindən iki xətt üzrə təqaüd proqramları həyata keçirilir. Bunlardan biri Rumıniya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş təqaüd proqramıdır ki, hər il bu proqram üzrə bütün təhsil dərəcələrindən 10-12 tələbə təhsil alır. Digər proqram isə Rumıniya Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyinin səfirliklər vasitəsi ilə həyata keçirdiyi təqaüd proqramıdır. Bu proqram çərçivəsində bütün dünyadan 80-85 tələbə təhsil alır. Bu proqrama hər il 2 azərbaycanlı tələbə düşə bilir. Seçimlər ümumilikdə ölkələrə görə deyil, meyarlara görə aparılır.
L.SƏMLA
Starteq.az