Əslində bu məsələyə fikir verməmək, onu hər tərəfimizi bürümüş yalan və səhv informasiya axınının növbəti çöküntüsü kimi qəbul etmək, bəlkə, daha doğru olardı. Ancaq bu informasiyaların ciddi saytlardan, xüsusilə də cəmiyyətimizdə tanınan şəxsiyyətlərdən gəlməsi, sayılıb-seçilən alimlərimizin dilindən səslənməsi həmin informasiyalara laqeyd qalmağı mümkünsüz edir. Belə halların tez-tez təkrarı cəmiyyətimizdə yaxşıya, müsbətə can atanları, mütərəqqi olmaq istəyənləri ruhdan salır, onların əl-qolunu bağlayır. Həyatımıza laqeydlik gətirir. Rəhmətlik Əli Kərimin dediyi ovqatı aşılayır:
Yaxşıya pis desələr,
Pisə yaxşı desələr…
Yaxşılar da bundan acığa düşüb
Pis olmaq istəsələr…
Nə deyim sənə, vay o günə, o günə…
Düzü, bu haqda bir neçə ay əvvəl müxtəlif mətbuat orqanlarında Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilən islahatlara, məsuliyyət və təmizləmə ilə bağlı tədbirlərə universitetin «işə gəlməyən və gələ bilməyən professorları»nın reaksiyasını, əks-hücumunu, buna dəm tutan mətbuatın fəaliyyətini görəndə yazmaq istəyirdim. Universitetin «savadsızlıq yuvasına» çevrildiyini görən ictimaiyyət və dövlət rəhbərliyi ora yeni rektor göndərdi ki, orada vəziyyəti dəyişsin. Rektorun yenilənmə, təmizlənmə cəhdləri, yeni tədris metodlarının tətbiqi, yeni kadrların seçilməsi, attestasiyaların və müsabiqələrin keçirilməsi, əmək intizamının gücləndirilməsi ilə bağlı səylər bir çox informasiya vasitələrində mahiyyəti anlaşılmadan tənqid obyektinə çevrildi.
Oxşar vəziyyət Azərbaycan Milli Elmlər Akademiyasında yenicə başa çatmış seçkilər ətrafında gedən söhbətlərdə, verilən bəzi informasiyalarda da özünü göstərdi. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən həqiqi və müxbir üzvlüyə seçkilərdən sonra mətbuatda başlanan səs-küy, elm adından sui-istifadə halları ciddi narahatlıq doğurdu.
Təbii ki, istənilən seçkidən narazı qalanlar olur. 10-15 nəfər namizəddən 1-i, 2-si seçilir, seçilməyənlər isə istər-istəməz narazılıq edirlər. Digər tərəfdən, hər kəs özünü haqlı, daha layiqli hesab edir. İstədiyi yerə seçilməyəndə cəmiyyəti seçkini təşkil edən orqanlarla birlikdə silkələməyə çalışır. Silkələdiyi isə, çox təəssüf ki, nəticə etibarilə ancaq elmdə ilk addımlarını atan, həyata, zəhmətə, elmi yaradıcılığa ümid yeri kimi baxan gənclərin inamı olur.
Seçkinin nəticələrindən narazı olmaq gözlənilən haldır, ancaq öz istedadı və çoxillik zəhməti ilə layiq olduğu yerə seçilmişləri qaralamaq da doğru deyil. Ola bilsin ki, seçilmişlər arasında sizə xoş gəlməyən, sizin o yerə layiq bilmədiyiniz insanlar var. Ancaq bu, bütövlükdə seçkilərə, Akademiyada son illərdə aparılan mütərəqqi işlərə, alimlərin ictimai nüfuzunun artmasına, sosial vəziyyətinin yaxşılaşmasına, gənc alimlərin inkişafına, elm və təhsilin əlaqəsinin təşkilindəki addımlara, bütün bu sahələrdə qazanılmış uğurlara kölgə salmamalıdır. Arxadan gənclik – özünə güvənən, həyata ümidlə baxan, dövlətinə sadiq olan gənclik gəlir. Onlar sizlərə, siz – təcrübəli alimlərə kumir kimi, ideal kimi baxırlar. Öz yersiz şəxsi iddialarınızla onları sındırmağa haqqınız yoxdur.
Ehtiyac zindanında vicdan çəkici ilə əzilən alimlərimizə, təhsil işçilərimizə ehtiram və sevgi ifadə etməklə yanaşı, vacib saydığım bir məsələni də qeyd etmək istəyirəm. Mətbuat səhifələrində, ayrı-ayrı saytlarda öz üstünlüklərini reklam etmək istəyən iddialı alimlərimiz nəzərə almırlar ki, reklam yazılarındakı «özünütəriflər» onlar haqda heç də müsbət fikir yaratmır, əksinə, onlar bu cür yazılarla elmi-ictimai fikrə özləri ilə bağlı xoşagəlməz mesaj vermiş olurlar.
Həqiqi alimlərimizə gələcək seçkilərdə uğurlar arzulayıram və bildirmək istəyirəm ki, siz alimlər elmi təfəkkürümüzün və ziyalı elitamızın səviyyəsini müəyyən edən insanlarsınız, siz xalqımızın qaymaqlarısınız (və yaxud xalqımızın qaymaqları olmalısınız). Gözümüz sizdədir, örnəyimiz sizsiniz. Ucuz yazılarla, yersiz şəxsi iddialarla gözümüzü qırmayın…
Mətin Rəşadoğlu
Strateq.az