XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2015 - 15:34

Korporativ Sosial Məsuliyyət nədir?

Korporativ Sosial Məsuliyyət –  hədəf qruplarının maraqları üçün  sosial-mədəni məsələlər üzrə təşkilatın funksional fəaliyyətinə inteqrasiya edən könüllü bir addımdır. Korporativ sosial məsuliyyət  cəmiyyətin və ətraf mühitin qorunmasına,  eyni zamanda  inkişaf etməsinə yönələn könüllü davranış mədəniyyətidir. Korporativ sosial fəaliyyətlə məşğul olmaqla,  ölkədə olan bir sıra sosial-ekoloji problemlərin həllini tapmasına kömək etməklə yanaşı, cəmiyyətdə şirkətin imicinin də formalaşmasına və nüfuzunun artmasına səbəb olur.

KSM təşkilatların  gələcəkdə qarşılaşa biləcəyi müxtəlif risklərdən qorunması üçün atılan ən gözəl addımdır. Könüllülük fəaliyyətinə qoşulmaqla, təşkilat idarəetmə bacarıqlarını inkişaf etdirməklə yanaşı, işçi heyətinin funksional aktivliyini, mənəvi və milli dəyərlərə sadiqliyini artıraraq, komanda işini həvəsləndirir, korporativ imic və nüfuzunu möhkəmləndirir. KSM layihələri çərçivəsində könüllülük fəaliyyəti qruplar şəklində təşkil olunur və bunlar “könüllü qruplar” adlanır. “Könüllü qruplar” əsasən mütəşəkkil qaydada müvafiq plan əsasında fəaliyyət göstərir.

KSM sistemi  korporativ dəyərləri özündə əks etdirərək, təşkilatın  missiyası, baxışları, dəyərləri ilə sıx bağlı olur. Bu mövqeyi birmənalı olaraq belə ifadə edə bilərik ki, KSM sadəcə sosial və ya ətraf mühit dəyərlərinin deyil, həmçinin korporativ dəyərin inkişafında da mühüm rol oynayır. Bütün qlobal təşkilatlar əməkdaşlarının bilik, bacarıq və fiziki əməyini cəmiyyətə könüllülük prinsipi vasitəsilə ianə etməsini dəstəkləyir.

Dünyada korporativ sosial məsuliyyət sisteminə müxtəlif  yanaşmalar vardır. Amerikanın Beynəlxalq marketinq üzrə tanınmış mütəxəssisi, professor  Filip Kotler  tərəfindən KSM-in  6 növü  təyin olunmuşdur:

•    Korporativ sosial marketinq,
•    Korporativ filantropiya, 
•    Xeyriyyəçilik marketinqi,
•    Ərazi icmasının rifahı naminə könüllü görülmüş işlər,
•    Hər hansı sosial problemin qabardılması, 
•    Biznesin idarə edilməsində sosial fəaliyyət yanaşması.

KSM –lə bağlı postsovet ölkələrin fəaliyyətinə nəzər salsaq, bu sahə ilə bağlı  ciddi şəkildə həyata keçirilən heç bir layihənin olmadığının şahidi olarıq. Səbəbi isə aydındır. çünkü postsovet məkanda  kollektiv sistemin yaranmasına, özəl sektorun inkişafına qoyulan  qadağa və manelər,  bu sahədə önəmli addımların atılmamasına səbəb olub. 

Hal-hazırda dünyanın bir çox nüfuzlu təşkilatların mövqeyi  onların korporativ sosial məsuliyyətə nə dərəcədə əməl etməsi ilə müəyyən olunur. Bu sahədə uğur qazanmaq üçün  ən önəmli   addım  ölkə sistemində  KSM-lə bağlı hüquqi bazanın olmasıdır. Məsələn, ən çox Avropa ölkələrində təşkilatlar tərəfindən  korporativ sosial məsuliyyətə daha çox üstünlük verilir. Hər bir ölkə KSM çərçivəsində nəzərdə tutulan müəyyən standartlara uyğun qanunvericilik bazası və inkişaf səviyyələrinə görə bir-birindən fərqlənirlər. Məsələn, Avropa ölkələrində biznes layihələri və ünvanlı proqramların icra olunduğu halda, Amerikada xeyriyyə proqramlarına daha çox üstünlük verilir. Avropa ölkələrində əmək münasibətləri daha çox  kollektiv münasibətlərə əsaslandığı halda,  Amerikada fərdilik prinsipinə əsaslanır.

Hər hansı ölkədə korporativ sosial məsuliyyətin davamlı inkişafını təmin etmək üçün bir sıra təkliflər vardır ki, onları yerinə yetirməklə bu sahədə uğurlu sistemi qurmaq olar:

•    KSM istiqaməti üzrə dövlət səviyyəsində qanunvericilik bazasının olması, 
•    Dövlət tərəfindən   hər hansı bir təşkilat üçün KSM standartları üzrə fəaliyyətin tənzimlənməsi,
•    Dövlətin özəl sektorun sosial fəaliyyətinə dəstək göstərməsi,
•    Dünya   təcrübəsindən  istifadə edərək,  maarifləndirmə işlərini gücləndirməklə təşkilatlara  KSM sisteminin nə qədər önəmli olduğunun çatdırılması,
•    KSM üzrə fəaliyyəti ilə bağlı təşkilatların hesabat verməyə cəlb edilməsi.

Korporativ Sosial Məsuliyyətin əhəmiyyətindən danışırıqsa, BMT-nin Qlobal Saziş könüllü təşəbbüs proqramı haqqında mütləq  məlumat verməliyik. çünki  Qlobal Saziş dünyanın hər yerində şirkətlərin cəmiyyətdə daha çox məsuliyyət götürməsi və insan haqları, əmək və ətraf mühit sahələrində dünyada qəbul edilmiş prinsiplərə uyğun fəaliyyət göstərməsinə səy göstərmək üçün BMT-nin təşkilatlararası təşəbbüsüdür. 

Belə ki, BMT-nin bu mövzuda vacib  proqramlarından biri olan  BMT Qlobal Saziş könüllü təşəbbüs proqramı  1999-cu ildə keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Kofi Annanın  davamlı inkişaf istiqamətində qlobal səyləri dəstəkləmək üçün  çağırışı zamanı qəbul edilmişdir. 2000-ci ildə rəsmi fəaliyyətə başlayan BMT-nin Qlobal Saziş təşəbbüs proqramı ,  insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və anti-korrupsiya əleyhinə mübarizə sahəsində 10 prinsip əsasında qurulub.

Bu Sazişdə  prinsipləri tətbiq etməklə ,  müxtəlif qurumlar arasında tərəfdaşlığın yaradılmasına, özəl sektor ilə dialoqun qurulmasına və bununla da yerli işgüzar dairələrin fəaliyyətində beynəlxalq standartlara cavab verən  rəqabət qabiliyyətinin artırılmasına yardım edəcəkdir. Qlobal Sazişə qoşulmaq və onun prinsiplərini tətbiq etmək, şirkətlərə   KSM  qədər   bir sıra üstünlüklər vəd edir.

Bu iki könüllülük layihəsinin əsas məqsədi  dövlət və özəl sektor arasında korporativ sosial məsuliyyət (KSM) üzrə biliklərin yenilənməsi, BMT-nin Qlobal Saziş prinsiplərinin təşviqi, ölkədə iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətli məhsulların istehsalını artırmaqla, bu sahədə qabaqcıl beynəlxalq təcrübələri  ölkəyə  gətirməkdir.

Xəyalə Məmmədova
Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçinin köməkçisi