XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2015 - 07:41

Yolkəsənlər

Yaxın günlərin söhbətidi. Bir dostumla Ukrayna dairəsindən üzü Həzi Aslanov metrostansiyasına tərəf gedirdik. Yolda çadır (palatka) qurulmuşdu. Bütün maşınlar bu çadırın altından keçib gedirdi. Bu çadırın nə üçün olduğunu soruşduqda dostum: “Kənd təsərrüfatı məhsullarının satış yarmarkası üçün qurulub” –dedi. Təəccübümü gizlədə bilmədim: “Yolun ortasında, yolu kəsməkləmi?”

Sonra düşünürəm ki, bizdə ümumiyyətlə yolkəsmə adəti geniş yayılıb;

– Toylarımızda yol kəsirik. Gəlin maşınının qarşısını kəsib bəy evindən xərac alanda sevincimiz yerə-göyə sığmır.

– Yaslarımızda da yol kəsirik. Bir də görürsən yolu kəsib çadır qurublar. Həm də bir yox, iki çadır. Bəlli olur ki, yas yeridir. üç gün həmin küçədə gediş-gəliş bağlanır. ölənin ruhuna dualar oxunur, günahlarının bağışlanması üçün Tanrıya diləklər ünvanlanır. Amma, yol kəsməyin günah olduğu və ölənin ruhunu rahatsız etdiyi kimsənin ağlına gəlmir.

– ölkəmizin giriş-çıxışında da yolkəsənlər var. Bu yaxınlarda keçmiş millət vəkillərindən biri sosial şəbəkələrin birində ölkəmizə gətirilən bəzi məhsulların qiymət siyahısını paylaşmışdı. Məlum olur ki, xaricdən gətirilən həmin məhsullar bazarlarımızda maya dəyərindən 5-6 dəfə baha satılır. Səbəbi isə budur ki, girişdə – gömrük məntəqələrində yolkəsənlər var. Bu yolkəsənlər məhsulun ölkəmizə idxalı üçün o qədər yüksək xərac alır ki, nəticədə məhsul gerçək qiymətindən 5-6 dəfə baha satılmalı olur.

Biz niyə yol kəsməyə bu qədər meyilliyik? Sualın cavabını bulmaq üçün tarixə xəyali səfər edirəm;

-Əski ərəb dünyasında yol kəsmək adəti geniş yayılmışdı. Hətta, bunun üçün xüsusi dəstələr düzəldib karvan yolunu kəsən ünlü adamlar vardı. Necə deyərlər, çörəkləri yol kəsməkdən çıxırdı.

-Bizdə də yol kəsmək əski adətlərdəndi. Hətta “Dədə Qorqudun kitabı”nda “Yol kəsdi, adam aldı, böyük hərami oldı”– deyilir. Sən demə, hərami olmaqdan başqa “böyük hərami” olmaq da varmış. Məşhur dastanlarımızdan da biri ən böyük arzusu Bağdad sultanının xəzinəsini soymaq olan yolkəsən Əhməd haqqındadı.

-Osmanlı dövlətində yolkəsənlərin sayı o qədər çox idi ki, onların haqqında saysız-hesabsız məqalələr və bir neçə ayrıca kitab yazılıb. (Yaşar Küçük, “Doğu Karadeniz Bölgesi Eşkıya ve Kabadayıları, Süleyman DEMİRCİ, Hasan ARSLAN, “EŞKİYALAR VE OSMANLI DEVLETİ: MARAŞ EYALETİ öRNEĞİNDE DEVLET GöREVLİLERİNİN EŞKIYALIK FAALİYETLERİ VE BUNLARIN MERKEZ-TAŞRA YAZIŞMALARINDAKİ YANSIMALARI” və sair). Deyəsən yolkəsənlik ümumşərq mentalitetində var axı…

Əski dönəmin yolkəsənləri ilə çağdaş dövrümüzün yolkəsənləri arasında ciddi fərq var. Əski yolkəsənlər dağda-daşda yaşayırdı, çöllərdə qalırdı. Karvan yollarını kəsirdilər. üstəlik onlar kasıb-kusuba çox da toxunmazdılar. İndiki yolkəsənlər isə kostyumda və kalstukda rəsmi iş başındadılar. Həm də indikilər təkcə yol kəsmirlər;

-Suyu kəsirlər. Suyun başında oturublar, istədikləri vaxt insanlara su verir, istədikləri vaxt krantı bağlayırlar. Su kəsməyə el arasında “boğaz kəsmək” də deyirlər.

-çörəyi kəsirlər; Müəssisələrdə statların ixtisarını aparmaqla, işçilərin sayını azaltmaqla. Yüz minlərlə işsizlər ordusu üçün iş yeri açmaq əvəzinə, iş yerlərini bağlamaqla.

-İşığı kəsirlər. Hətta, istəsələr gəlib işıq xəttini də kəsə bilərlər.

-Qazı kəsirlər. Qaz sahibləri, qazlılar… İstəsələr qazı buraxarlar, istəsələr buraxmazlar. Buraxdıqları qazı daha çox sevər, onu da çox görərlər məzlum insanlara…

Bu yolkəsən, çörəkkəsən, işıqkəsən, sukəsənlərlə… hara gedirik belə?!

Təkcə, Allah kəsməsin;

Həyatımızı deyirəm…

Namiq Hacıheydərli

4 aprel 2015