Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Yaşar Əliyev küçəsinin həyətində qoca bir rus qadını yaşayır. Yayın cırhacırında da, qışın oğlan çağında bu zavalı qadının daldalanacağı yer yoxdur. Yayda günəş, yaz və payızda yağış, qışda qar altında gününü keçirməyə məhkumdur. Səbəb 7-8 il bundan əvvəl hansısa bir dələduzun aldadıb mənzilini əlindən almasıdır.
Mənzili əlindən alındıqdan sonra zorla qocalar evinə göndərilən nənə əlinə fürsət düşən kimi bu “həbsxanadan” qaçmağı bacarıb. Evinə gələndə isə öz qapısını üzünə bağlı görüb. O gündən indiyə qədər də məhəllədə oturub üzvü olduğu toplumun nə zamansa vicdana gəlib bir vaxtlar yaşadığı “yuvasını” ona qaytaracağı günü gözləyir. “Yuvası” isə bu müddət ərzində 4 dəfə bundan ona, ondan buna satılıb. Hazırda içərisində kirayişinlər yaşayır. Belə aydın olur ki, min bir fırıldaqla mənzili nənədən alan adamın əslində evə də ehtiyacı yox imiş. Sadəcə kirayə puluyla özünə çörək pulu çıxartmaq istəyirmiş.
Nənə isə onu “yuvasız” qoyan cəmiyyətə səssiz etirazını davam etdirir, üzünə həsrət qaldığı evinin keşiyini çəkməkdən bir an belə bezmir, usanmır.
Bir neçə il bundan əvvələ qədər üç 9-mərtəbəli bina ilə əhatə olunmuş həyətdə zavallı nənənin sığındığı dəmir bir köşk vardı. Hər dəfə o köşkün yanından keçəndə bu qoca qarının qışın soyuğunda, yayın cırhacırında orda necə yaşadığını düşünür, üzülürdüm. Sən demə, bu imkansızlıq belə, onun ömrünün ahıl yaşında üzləşdiyi ən xoşbəxt anlardan biriymiş.
ötən il bu xoşbətlik də əlindən alındı. Dövlətimiz məhəlləyə əl gəzdirib abadlaşdırdıqdan sonra nənənin həyatının bərbad çağları başladı. “Köşkü” uçurdulan, “tifağı dağılan” nənə bir ildən artıqdır ki, yağışın, qarın altında gecələməli olur.
Qonşudakı xanımlar nənənin olduqca təmizkar olduğunu bildirirlər. Hər gün paltarlarını soyuq suyla yuyub, məskunlaşdığı dalanda çəkdiyi ipə asır. Təmizkarlığının qarşısını nə qışın soyuğu kəsə bilir, nə yazın, payızın yağışı. Qar altında belə həmin iplərdən paltarların sallandığını görmək mümkündür. Evsizliyinin ilk dövrlərində məhəllədəki bir xanım həftədə bir dəfə onu evinə dəvət edər, çimizdirirmiş. İndi də eyni iltifatın davam edib- etmədiyini kimsə bilmir. Bu barədə özünə verdiyimiz suallar isə cavabsız qaldı. Bəşər ovladına etibarın ağır nəticələrini yaşayan nənəni sualımızın xeyirxah niyyətinə inandırmaq mümkün olmadı.
İnsanların zülmündən göydə Allaha sığınan bu qoca qarı bütün çətinliklərə baxmayaraq, yerdə də özünə yeni etibarlı sirdaşlar tapa bilib. Gecə-gündüz yanından ayrılmayan, yatarkən belə onu tək buraxmayan, qışın soyuğunda qucağına sığınıb isinən bir neçə pişik dostundan söhbət gedir. Yurd-yuvasız dostların yaşadıqları ortaq tale onlar arasında ayrılmaz bir bağ yaradıb.
Qoca nənəni həqiqətən də yaxşı dost adlandırmaq olar. özü ac qalsa belə, dördayaqlı sirdaşlarının qarnını tox tutmağı bacarır. Məhəllə baqqalının bildirdiyinə görə, aldığı təqaüdü ilə hər gün onlara 2 litr süd alır. Bəzən təqaüdünü gec alanda süd üçün baqqala borca gedir. Amma o, indiyə qədər öz qarnı üçün bu cür ağız açmayıb. Pulu çatana qədər özünə ərzaq alıb, pulu olmayanda isə günlərlə ac qalmağa üstünlük verib. Fəqət bir gün belə pişikləri ac qoymayıb.
Nisyə aldığı südün pulunu isə digər sakinlərdən daha tez qaytardığından məhəllə baqqalı onun adını borc dəftərinə belə salmayıb. Zavallı nənə! İndi onun adına heç borc dəftərində də rast gəlmək mümkün deyil.