XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

12 İyun 2017 - 00:06

“Allahın ümidinə qalmışıq…” –Vəlvələdə suyun səviyyəsi qalxır, Quba sakinləri həyəcanda (VİDEO)

Artıq neçə ildir Vəlvələ çayının vadisində yerləşən Qubanın ən qədim kəndlərindən hesab olunan Qonaqkənd sakinləri çayda suyun səviyyəsinin qalxması səbəbindən narahatçılıq keçirir. 

Qonaqkənd sakini Niyatulla Məhərrəm oğlu Orucovun Strateq.az-a verdiyi məlumata görə, son günlər bu təhlükə daha da artıb:

"Vəziyyət kritikləşib… Son günlər yağan güclü yağış çayın səviyyəsini xeyli qaldırıb, su evlərin hasarlarına çatıb və hətta həyətyanı sahələrə dolub, xeyli sakinin bostanına ziyan dəyib, onlar mal-qaralarını çölə çıxara bilmir, çayın digər sahilinə keçməkdə çətinlik çəkirlər. Ən acınacaqlısı isə selin qəsəbədə yaşayan 1500-dən çox insanın təsərrüfatına vurduğu ziyandan daha çox, birbaşa onların həyatına təhlükə yaratmasıdır. Kənd sakinləri bildirirlər ki, onlar dəfələrlə məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, ciddi heç bir tədbir görülmür. Halbuki real vəziyyət, ərazinin relyefinin mürəkkəb olmasına baxmayaraq, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir".

Niyatulla Orucov bildirir ki, keçən il də sürüşmə nəticəsində keçmiş Atuş kəndinin ərazisində Vəlvələ çayının qabağı "boğulmuşdu" və çayın məcrası genişlənmiş, suyun da səviyyəsi qalxmışdı.

Onun sözlərinə görə, son zamanlar qəsəbə sakinlərinin çoxu selin qəsəbəni basması təhlükəsindən dolayı səksəkə içindədir:

"Hər an faicə baş verə, camaat su içində qala bilər. Çayın səviyyəsi artıq evlərə çatır. Elə ilk təhlükə zamanı,  daha dəqiqi, keçən il sentyabr ayında mən Fövqəladə Hallar Nazirliyinə sel təhlükəsi ilə bağlı teleqram vurdum. Onlar da teleqramı nazirliyin nəzdində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yönəldib və bir müddətdən sonra mənə qəliz və qeyri-konkret bir cavab məktubu gəldi. Hansı ki, bu cavabdan normal heç nə başa düşmək olmur".

Onun dediyinə görə, cavabdan ümumən belə başa düşmək olur ki, FHN hansısa tədbir görməyə tələsmir, daha doğrusu istəmir: "Halbuki təhlükə vəziyyətində yaşayırıq və dedyim kimi hər an faciə baş verə bilər. Bu cür laqeyd cavaba görə biz təzədən Fövqəladə Hallar Nazirliyinə məktub yazdıq. Ancaq reallıq odur ki, qəsəbə sakinlərinin bu halı, görünür, onların veclərinə deyil".

"Yerli bələdiyyəyə də, Quba Rayon İcra Hakimiyyətinə də vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. Ancaq yerli orqanlar hər dəfə "məsələdən məlumatlıyıq" cavabını verir. Gəlib baxıblar da. Amma deyirlər, onların yetərincə texnikası yoxdur və bu məsələ dövlət səviyyəsində həll olunmalıdır", – deyə, N. Orucov vurğulayıb.

O, camaatın konret istəyini də çatdırıb: "Bizim istəyimiz odur ki, ya çayın qabağına qoruyucu bənd çəksinlər ki, biz evimizdə rahat yaşaya bilək. Ya da bizi buradan köçürsünlər. Çünki bu vəziyyətdə, özü də hər gün, hər saat həyəcan içində yaşayırıq. Əgər bizim imkanımız olsaydı, özümüz nəsə bir tədbir görərdik, amma bizim belə imkanımız yoxdur. Allahın ümidinə qalmışıq".

N. Orucov bildirir ki, bir neçə gün bundan qabaq da o, məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədova teleqram vurub, amma hələ ki reaksiya yoxdur.