XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 November 2015 - 15:52

Azərbaycanın istehsal etdiyi ilk gəmi suya buraxılıb – FOTO

 

gemi baku.jpg

Azərbaycan gəmiqayırma sənayesində daha bir ilkə nail olunub. Bakı Gəmiqayırma Zavodu tərəfindən inşa edilən ilk sərnişin gəmisi suya buraxılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, Xəzər hövzəsində ən müasir və qabaqcıl sənaye müəssisəsi olan Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən 3 sərnişin gəmisindən birincisi suya buraxılıb.

Stapeldə inşa olunmuş gəmi əvvəlcə ağır texnikanın köməyi ilə üzən doka gətirilib və kilbloklar üzərinə qoyulub. Sonra dok suya dalaraq, gəminin kilbloklardan qalxmasını və suyun üzündə qalmasını təmin edib. Uğurla keçən əməliyyat zamanı “üfüq” gəmisi zavodun yedək gəmisinin yardımı ilə körpüyə yan alıb.

Gəminin ümumi uzunluğu 38 metr, sərnişin daşıma tutumu isə 80 nəfərdən ibarətdir.

Bundan sonra yeni gəmidə tamamlama və avadanlığın quraşdırılması işləri aparılacaq. “üfüq” körpüdə və dənizdə sınaqlardan keçərək, dekabrda sifarişçiyə təhvil veriləcək.

Xatırladaq ki, digər iki gəminin gələn il hazır olacağı planlaşdırılır. Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hərəsinin gücü 1895 kilovat olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə saatda 40 kilometrə yaxın sürət yığmağa imkan verəcək. Bu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mövcud gəmiləri ilə müqayisədə 2 dəfə çoxdur.

Yeni gəmilər 10 tona qədər göyərtə yükü də götürə biləcəklər. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.