Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.
Strateq.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə nazirliyin aidiyyəti struktur bölmələrinin, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin, Tibbi-Sosial Ekspert Komissiyalarının, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əldə olunan makroiqtisadi sabitlik və dinamik inkişafın sosial rifah göstəricilərinin də artması ilə müşayiət olunduğunu vurğulayıb.
Nazir bildirib ki, nazirliyin qarşısında duran əsas vəzifə ilbəil güclənən sosial siyasətin yüksək səviyyədə icrasını, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməkdir: “Doğrudur, son illərdə ciddi nəzarət tədbirləri həyata keçirilir, fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Nəzarət tədbirlərinin müsbət nəticələri də vardır. Təkcə cari ilin 9 ayında bu yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb”.
Müşavirədə nazirliyin fəaliyyət sahələrində aparılan islahatların sürətləndirilməsi, tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması üçün aparılan texniki işlərin mövcud durumu, yerli qurumlarda əhaliyə göstərilən xidmətin vəziyyəti geniş müzakirə olunub.
Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.