Çinin ən böyük internet şirkəti – “Alibaba Group”un rəhbəri Cek Ma bildirib ki, 30 il sonra insanlar həftədə dörd gün və gündə dörd saat işləyəcəklər. Süni intellektin inkişafı insanlara daha çox səyahət etməyə və daha az işləməyə imkan verəcək.
Azərtac “ria.ru” saytına istinadla xəbər verir ki, əsl peşəsi müəllim olan Cek Manın sözlərinə görə, dünya liderləri avtomatlaşdırılmanın tətbiqinin fəsadsız olması üçün diqqəti təhsil sisteminə yönəltməlidirlər. Şirkətin rəhbəri deyib:“ Biz əmin olmalıyıq ki, yeni texnologiyalar insanların bacarmadıqlarını edə bilərlər. Lakin bu texnologiyalar heç vaxt insanlarda olan müdriklik və təcrübəni əldə edə bilməyəcək”.