XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2017 - 18:04

Birinci vitse-prezident: “Qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq” –FOTOLAR

Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Məlumat verilib ki, Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində isə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.

Ümumilikdə 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşmış məcburi köçkünlər üçün nəzərdə tutulub.

Xatırladaq ki, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə keçirilib.

Müşavirədə bu günədək qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı, yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsinin yaşadığı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımların atılmalı olduğu bildirilmişdi. Bunun üçün Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi barədə tapşırıq verilmişdi.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib:

-Hörmətli mərasim iştirakçıları, əziz dostlar.

İlk növbədə, sizin hər birinizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına əmin-amanlıq, yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Ramazan ayı dünya müsəlmanlarını sülh və birlik yoluna, xeyirxah əməllərə, saf niyyətlərə, mərhəmətə və mənəvi kamilliyə dəvət edir. Ramazan ayı bizim hər birimizi ehtiyacı olan, çətinliklərlə üzləşən insanlara yardım etməyə dəvət edir. Bugünkü görüşümüz bu baxımdan rəmzi məna daşıyır. Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi bu gün yeni mənzillərlə təmin olunur, onların yaşayış şəraiti yaxşılaşır. Sizin həyatınızda yeni dövr başlayır. Sizin həyat tərziniz yaxşılaşacaq. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm, yeni mənzillərinizdə sizə xoşbəxt ömür arzulayıram.

Ermənistanın artıq 20 ildən çoxdur ki, davam edən işğalçı siyasəti nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Bu insanların problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. İyirmi ildən çoxdur ki, bu sahədə ardıcıl olaraq bütün lazımi tədbirlər həyata keçirilir, addımlar atılır. Bildiyiniz kimi, – baxmayaraq ki, müstəqilliyimizin ilk illərində dövlətimiz böyük çətinliklərlə üzləşmişdir, – Azərbaycan Hökuməti ölkəmizdə mövcud olan bütün çadır şəhərciklərini qısa bir zamanda ləğv etdirmişdir. Azərbaycanda məcburi köçkün ailələri üçün 100-dək müasir yaşayış kompleksi inşa olunmuşdur. Bu qəsəbələrdə bütün lazımi infrastruktur yaradılmışdır. Qəsəbələr məktəb və bağçalarla təmin olunmuşdur. Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilmişdir. Bu gün də soydaşlarımızın işlə təmin olunması sahəsində dövlət proqramları həyata keçirilir. Bir daha qeyd etmək istəyirəm ki, bu, Azərbaycan dövləti üçün ən ağır, ən vacib problemdir. Azərbaycan dövləti bu problemin həlli üçün bütün lazımi tədbirləri görür və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq. Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur – tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Əminəm ki, işlər qısa bir zamanda başa çatdırılacaq və bu gün çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq.

Azərbaycan dövləti tərəfindən bu tədbirlərin icrası üçün, ümumilikdə, 6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur.

Bir daha qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan qüdrətli, güclü dövlətdir və qarşıda duran məsələlərin həlli üçün bütün lazımi addımlar atılır, bütün lazımi tədbirlər həyata keçirilir. Çox xoşdur ki, dövlətlə yanaşı, biznes strukturları da, iş adamları da bütün cəmiyyətimiz üçün vacib olan bu problemə biganə qalmayıb və onlar da bu ağır problemin həllinə öz töhfələrini verməkdədirlər.

Bu gün Xəzər rayonunun Şüvəlan qəsəbəsində yarasız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülür. Məhz iş adamlarının yardımı ilə bu gün 214 ailənin yaşayış şəraiti yaxşılaşacaq. Fürsətdən istifadə edərək, həmin şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, çox təqdirəlayiq bir haldır. Ümidvaram ki, digər iş adamları, ölkəmizdə fəaliyyət göstərən digər biznes strukturları da gələcəkdə bu təşəbbüsə qoşulacaqlar. Bu, bizim cəmiyyətimizin birliyinin göstəricisidir, eyni zamanda, Azərbaycanın ən gözəl ənənələrindən biri olan xeyriyyəçilik ənənəsinin davamıdır.

Mən hesab edirəm ki, ölkəmizdə fəaliyyət göstərən biznes strukturları, iş adamları, özəl sektor sosial məsuliyyət haqqında ciddi düşünməli və cəmiyyətimizi narahat edən problemlərin həllində fəal iştirak etməlidirlər. Xüsusilə də onlar bizim hər birimiz üçün ən ağır problem olan qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq işində iştirak etməlidirlər.

Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusən də sizlərə – böyük çətinliklərlə üzləşən qaçqın və məcburi köçkün ailələrinə hər zaman diqqətlə yanaşır, öz qayğısını göstərir. Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki, işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz bərpa edilsin, yeni qəsəbələr salınsın və insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq.

Mən bir daha sizin hər birinizi ürəkdən təbrik edirəm, sizə cansağlığı və yeni uğurlar arzulayıram. Çox sağ olun".