XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 13:33

“Ermənistan körpə qətliamına və işğala son qoymur” –Bəyanat

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini gülləbaran etməsi ilə bağlı bəyanat verib.

Sənəddə qeyd olunur ki, 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc insanların həlak olması ilə nəticələnib.  Atəş nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb. “Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi ilk vandalizm aktı deyil. Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qoymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfat və dağıntılara səbəb olan çox sayda cinayətlər törədib. Ermənistan vandallarının və hazırda işğalçı dövlətin rəhbərliyində təmsil olunanların vaxtilə Xocalı soyqırımı kimi bəşər nəslinə qarşı törədilmiş vəhşilikləri, qətliamı, körpə və məsum uşaqların soyqırımını burada bir daha xatırlatmaq lazım gəlir. Alxanlıda yenidən körpə qanının tökülməsi isə Ermənistan dövlətinin qaniçən simasını bir daha bütün çılpaqlığı ilə açıb göstərdi”.

Bəyanatda deyilir ki, çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq təşkilatlar Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Cəzasız qalacağına inanan Ermənistan isə təcavüzkar əməllərini davam etdirərək, körpə qətliamına və işğala son qoymur: “Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) Ermənistanın dinc əhaliyə qarşı növbəti vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz missiyalarına uyğun şəkildə Ermənistandan işğalçı qoşunlarının təxirə salınmadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır. Əks halda, Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı müharibənin təkrar alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.