XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2017 - 10:56

Beynəlxalq Bankın güdazına getmiş zavod SOCAR-a satılır –Şirkət Metanol Zavodu üçün 394 milyon manat pul ödəyib

 

SOCAR "Azerbaijan Metanol Company" MMC-nin ("AzMeCo") alınması üçün "Aqrarkredit" QSC-yə 394 mln. manat ilkin ödəniş edib.

Bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında bildirilir.

Qeyd edək ki, "AzMeCo" hələ də SOCAR-ın balansına keçməyib. Bundan öncə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, "AzMeCo" SOCAR-a birbaşa satılacaq, əqdin dəyəri 520 mln. dollardır.(APA)

Qeyd edək ki, 2007-ci ildə fəaliyyətə başlayan Azərbaycan Metanol Zavodunun (AzMeCo) maliyyələşdirilməsində Beynəlxalq Bankla birgə Rusiyanın "Sberbank"ı da iştirak edib. Zavod 450 milyon dollara tikilib. Amma təkcə ABB-nin müəssisə üçün ayırdığı kreditin 700 milyon civarında olduğu bildirilir. AzMeCo şirkətinin Direktorlar Şurasının sədri, azərbaycanlı iş adamı Nizami Piriyev idi. Şirkət 2007-ci ildə yaradılıb.

KİV-in araşdırmalarına görə, zavodun tikintisi iş adamına 450 milyon dollara başa gəlib. Qalan 300 milyon dolları o, ABB-nin kreditləri ilə ödəyib. Zavod 2013-cü ilin sonunda istismara verilib. Şirkətin rəsmi məlumatına görə, 2014-cü ildə AzMeCo Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edib.

AzMeCo dövlət strukturu olan “Azəriqaz”la zavodun təbii qazla təchizatına dair uzunmüddətli müqavilə bağlayıb. Daha sonra “Azəriqaz” SOCAR-ın tabeliyinə verilib və dövlət şirkəti ölkənin qaz operatorunun AzMeCo ilə bağladığı müqavilə üzrə öhdəlikləri digərləri kimi üzərinə götürüb. Lakin zavod işə düşəndən qısa müddət sonra xammal təchizatı dayanıb. SOCAR zavodun qazla təchizatının dayandırılmasına açıqlama verməsə də məlumatlar var idi ki, ildə 600 milyon kubmetr həcmdə qazın daxili bazar qiymətləri ilə verilməsini hökumətdə iqtisadi baxımdan sərfəli saymayıb. Hesab edilirdi ki, bu həcmdə qazı Tarif Şurasının təsdiq etdiyi qiymətlə (1000 kubmetri 100 manata) metanol zavoduna verməkdənsə onu baha qiymətə xaricə ixrac etmək daha sərfəlidir.

Metanol zavodu fəaliyyətini 2015-ci ilin may ayında dayandırılıb. Həmin dövrdə N.Piriyev saxlanılıb, məhkəmə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İş adamına qarşı dələduzluq ittihamı irəli sürülmüşdü və onu metanol zavodunun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. Ağır ittihamla qarşılaşan Piriyevin həbsdən çıxması borclarının qaytarılacağına təminat verdikdən sonra mümkün oldu. Piriyev qısa müddətdə həbsdən buraxıldı. Həbsdən çıxsdıqdan sonra Piriyev demişdi ki, rəhbəri olduğu zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı ABB-dən götürdüyü kredit vəsaitləri üzrə ödəmələri gecikdirdiyi üçün həbs edilib.

ABB-nin aktivlərinin sağlamlaşdırılmasına dair Prezident fərmanından sonra bankın 5,6 milyard manatlıq problemli aktivləri "Aqrarkredit" ASC-yə verilib.

Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Prezident fərmanına əsasən, "Aqrarkredit" ASC-yə verilmiş əmlakı satışa çıxarılır. 2016-cı ilin sonuna qədər Azərbaycan Metanol Zavodunun SOCAR-ın tabeliyinə verilməsi planlaşdırılmışdı.