Ankarada Türkiyə və Azərbaycandan olan bir qrup ziyalı Füzuli rayonunun Alxanlı kəndinin sakinləri Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın erməni hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi faktı ilə bağlı mətbuat konfransı keçirib.
Yeni Türkiyə Strateji Araşdırmaları Mərkəzində təşkil olunan mətbuat konfransında iştirak edən tanınmış alimlər və siyasətçilər Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı hadisə ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanat imzalayıblar. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Əttar media təmsilçilərini ziyalılar adından beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatın mətni ilə tanış edib.
Bəyanatda diqqətə çatdırılır ki, Alxanlı kəndində baş vermiş qanlı hadisə ermənilərin Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törətdikləri amansız cinayətlərin davamıdır. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi daha bir terror aktıdır.
Müraciətdə deyilir: “Biz, dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını və ATƏT-i dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün, nəhayət, biganəliyə son qoymağa, təcavüzkar Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırırıq. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.
İyulun 20-dək imza üçün açıq olan bəyanatın mətni BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin Türkiyədəki diplomatik nümayəndəliklərinə göndəriləcək(azərtac).