XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 18:12

Ölkə əhalisinin sayı açıqlandı:Hər 1000 kişiyə 1006 qadın düşür –Statistika Komitəsi

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33050 nəfər və ya 0,3 faiz artaraq iyunun 1-i vəziyyətinə 9843031 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin bir kvadratkilometrə düşən sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 58217, yaxud hər gün orta hesabla 386 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür. Cari ilin yanvar-may ayları ərzində ölkədə 25638 ölüm halı qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,4 təşkil edib.

Bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.