XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2017 - 14:00

Mircəfər Bağırovun qəbri –60 ildən sonra kimsəsizlər məzarlığından çıxarılaraq yenidən dəfn olundu - FOTOLAR

Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn edilmiş sovet Azərbaycanının sabiq lideri Mircəfər Bağırov 60 il sonra təkrar torpağa tapşırılıb.

Bu barədə Yenicag.aza Mircəfər Bağırovun böyük bacısı Seyid Məsumənin nəvəsi Məmmədtağı Bağırov məlumat verib.

Hazırda 76 yaşı olan Məmmədtağı Bağırov ömrünün böyük hissəsini Mircəfər Bağırovun həyatının tədqiqatına, Azərbaycanın keçmiş I katibi haqqında yayılan həqiqətə uyğun olmayan məlumatların dəqiqləşdirilməsinə həsr edib.

Mircəfər Bağırovun təkrar dəfni haqqında danışan Məmmədtağı Bağırov deyib: “Təəssüf ki, Mircəfər Bağırov haqqında reallıqdan uzaq məlumatlar uzun illər boyunca həqiqət kimi cəmiyyətə təqdim olunub. Belə iddialar irəli sürülüb ki, guya Mircəfər Bağırov məhkəmədən sonra güllələnməyib, uzun illər Sibirdə yaşayıb və orda da vəfat edib.

Onun sözlərinə görə, 1953-cü ildə Stalinin ölümündən sonra Mircəfər Bağırov I katib vəzifəsindən azad olunur, təqribən 1 il Kuybışevdə (indiki Samara – red.) rəhbər işdə çalışır. 1955-ci ildə həbs olunur, məhkəməsi keçirilir və 1956-cı il aprelin 26-da onun barəsində güllələnmə hökmü çıxarılır. Hökmdən təqribən bir həftə sonra – mayın 5-də hökm icra olunur və Mircəfər Bağırov Bayıl həbsxanasının kimsəsizlər qəbiristanlığında dəfn olunur: “Mircəfər Bağırovun ailə üzvlərinin uzun müddət bundan xəbəri olmayıb. Yalnız hörmətli şəxslərdən birinin – onun adını hələlik çəkməyəcəm – zəhməti sayəsində Mircəfər Bağırovun məzarı müəyyən edilib. Yenə də həmin şəxsin vasitəçiliyi əsasında Mircəfər Bağırovun yenidən dəfn olunmasına icazə verilib. Mən Mircəfər Bağırovun kiçik oğlu Cenlə dəfələrlə görüşmüşəm. O, deyirdi ki, Mircəfər Bağırov Böyük Vətən Müharibəsində qəhrəmanlıqla həlak olmuş oğlu Cahangirin yanında dəfn edilməyi arzulayırmış. Ona görə də babamı bu vəsiyyətinə uyğun olaraq, 2016-cı il oktyabrın 6-da Beynəlmiləl qəbiristanlıqda, Cahangirin yanında (həm də onun ad günündə – red.) dəfn etdik”.