XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2015 - 11:28

Valideyn komitələrini məktəb icmaları əvəzləyəcək

Orta məktəblərdə hazırda mövcud olan valideyn komitələri yeni qurumla əvəzlənəcək.

Bu barədə Strateq.az-a Təhsil Nazirliyinin (TN) QHT və KİV-lə iş sektorundan məlumat verilib. Bildirilib ki, TN 2015-ci ilin sentyabrından ölkənin 54 məktəbində məktəb icmalarının yaradılması üzrə layihəyə start verib. 

“Layihənin başlanmasına qədər olan mərhələdə “Allianz Consult” şirkəti tərəfindən zəruri təşkilati tədbirlər görülub, təlimlər keçirilib və indi də müvafiq köməklik göstərilir. Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib”.

Yeni yaradılan qurum  – məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı idarə etmək üçün yaradılan şagird, valideyn və müəllimlərin birliyi kimi xatakterizə edilib. Layihəyə əsasən, icma çərçivəsində valideynlər, müəllimlər və uşaqlar bərabər hüquqlu fəaliyyət göstərəcək və birlikdə qərar qəbul edəcəklər.

Nazirlik rəsmiləri hesab edirlər ki, valideynlərin məktəb həyatında  daha yaxın iştirakı və qərar vermək hüquqları təhsilin keyfiyyətinin yaxşılaşmasına, eyni zamanda uşaqların peşə-ixtisas seçimində düzgün istiqamətə yönləndirilməsində əhəmiyyətli rol oynayacaq: 

“Bu nöqteyi-nəzərdən də məktəb icmaları “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında yaradılır. Yeni format prosesin bütün iştirakçılarının məktəb həyatında fəallığını nəzərdə tutur. Müasir məktəbdə uğurun, nailiyyətlərin əsası şagird, valideyn və müəllimlərin vahid qarşılıqlı əlaqəsindən keçir. Məktəb icmaları cəmiyyətə bir neçə mühüm mesajı çatdıracaq: məktəb ikinci evdir, məktəb şagirdi həyata hazırlayır. Bununla yanaşı, hamı əlaçı ola bilməz, amma hər bir kəsin istedadı var. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, məktəb icmaları məktəbin hərtərəfli inkişaf etmək üçün mühit olduğunu göstərəcək”.  

TN rəsmilərinin açıqlamasında yeni yaradılacaq məktəb icmalarından gözləntiləridə əksini tapıb:   

“Məktəb icmasının fəaliyyətinin nəticəsi məktəbdə və evdə mühitin yaxşılaşdırılması, təlimə marağın artırılmasıdır. İcmalar dünyanın bir çox ölkəsində müxtəlif formalarda uğurla fəaliyyət göstərirlər. Həmin ölkələrin təcrübəsinə müraciət edəndə görürük ki, şagirdlər icmaların fəaliyyəti nəticəsində təhsilin daha maraqlı və zəngin olduğunu vurğulayıblar. Eləcə də prosesin 3 iştirakçısının birliyi dərslərdə davamiyyəti yüksəldib, davranış səviyyəsini təkmilləşdirib, dərslərdə uğur qazanma faizini yüksəldib. Ən əsası, valideynlərin uşaqlarının təhsilində mühüm rol oynadıqları diqqətə çatdırılır. Bizim də məktəb icmalarının fəaliyyətindən gözləntilərimiz bunların üzərində cəmlənib və pilot layihə çərçivəsində seçilən məktəblərdə ilkin nəticələri artıq görürük. İcmanın həyatında aktiv iştirak edən valideynlər, şagirdlər prosesdən kənarda qalan, bəlkə də bu fəaliyyətə bir  o qədər də inamla baxmayanlarda da maraq yarada bilirlər”.

Qeyd edək ki, Nazirliyinin yeni layihəsinə dəstək verən “Allianz Consult” şirkəti  2006-cı ildən fəaliyyət göstərir. Əsasən, konsoltinq xidmətləri göstərən şirkət biznes-təlimlər, psixoloji dəstək, personalın idarə edilməsi, maliyyə, hüquqi, idarəetmə və HR-konsaltinq, personalın qiymətləndirilməsi, həmçinin, rekrutinq kimi bir sıra yüksək keyfiyyətli xidmətlər təqdim edir. Məktəb icmalarının işinin qurulmasında da öz məsləhətlərini verib. 

Yenilik onu deməyə əsas verir ki, hazırda məktəblərdə fəaliyyət göstərən valideyn komitələri ona bəslənən ümidləri doğrultmadı. Bir neçə il əvvəl həmin qurumlar təsis ediləndə də bunun təhsilin keyfiyyətinə, valideyn-məktəb münasibətlərinin yaxınlaşmasının uşaqların doğru istiqamətdə inkişafına dəstək olacağı bəyan edildi. 

Lakin zamanla həmin təsisatın məktəb həyatını dəyişmədiyi, funksiyasının yalnız pul yığmaqdan ibarət olması üzə çıxdı. TN rəsmiləri bununla razılaşmasalar da deməliyik ki, bu gün orta məktəblərdəki valideyn komitələri məktəb direktorları və müəllimlərin birgə korrupsiyada iştirakına təkan verir. Ona görə də onların fəaliyyətinı  heç vaxt nəzarət edilmir. Valideyn komitələrinin işinin araşdırılması barədə TN-ə ünvanladığımız suallar da cavabsız qalıb.  
“Valideyn Komitəsi ilə direktorun,sinif rəhbərlərinin əlbir olub korrupsiyada iştirakının qarşını almaq üçün hansı işlər görülür?”,- sualımıza isə Nazirlikdən belə cavab verilib: ” Məktəb həyatında iştirak etməyə çalışan Valideyn Komitəsini, direktor və müəllimləri bu şəkildə ittiham etmək də doğru olmazdı. Bütün təşəbbüslərin məqsədi təlim prosesinin daha da yaxşılaşdırılması, şagirdlər üçün əlverişli mühitin yaradılmasıdır”.

Mütəxəssislər də yeni yaradılacaq icmaların müasir təlim-tərbiyə metodlarını genişləndirməyə kömək edəcəyi qənaətindədirlər.  

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, icmalar məktəbin cəmiyyətlə qarşılıqlı inkişafını şərtləndirəcək: 

“Dünya təcrübəsində məktəb icmaları artıq 100 ildən artıqdır fəaliyyət göstərir. İcma üçtərəfli əməkdaşlıq deməkdir – məktəb, cəmiyyət və ailə. Valideyn Komitələrində məktəblə valideyn əməkdaşlığından söhbət gedirdi. Ancaq icmada artıq üçüncü tərəf var. Müasir təlim-tərbiyə işinin qurulmasında cəmiyyətin olması vacibdir. Bu üç dayaq birlikdə məktəblərdə mövcud olan valideyn komitələrini yetərincə çox yüksək səviyyədə əvəz edə biləcək. Buna görə məktəb icmalarının yardılması günün tələbidir, bir sosial sifarişdir. Onu qəbul etmədən,  məktəblərin problemlərinin həlli öz səmərəsini vermir”.

Məktəb icmalarının uşaqların təhsilində və sağlam mühitdə tərbiyə almasındakı roluna gəlincə, M.Mürşüdlü yeni təsisatın bütün məktəb həyatını əhatə edəcəyini bildirib: 

“İcmaların bir fəaliyyət mexanizmi işlənəcək. Müəllimlərin hazırlanmasından başlayaraq, təlimin maddi texniki təminatına qədər icmalar öz dəstəyini göstərə bilərlər. Düşünürəm ki, məktəb icmaları tədrisin keyfiyyətinin yaxşılaşdırılması, uşaqların sağlamlığı, qidası, kadr məsələləri, müəllimlərin əmək haqqının artırılması, onlara mükafatların tətbiq edilməsi, uşaqlara “adlı təqaüd”lərin təyin olunmasında və  digər bu kimi məsələlərin həl
lində faydalılıq və səməmrəlilik baxımından özlərini göstərə biləcəklər”.   

Fərqanə Allahverdiqızı