XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 13:39

Mayor Hafiz Təmirov yazır:"Vətənin başladığı yerdə…"

Bir tərəfi dəniz, bir tərəfi meşə ilə əhatə olunan yurdumuzun şimalında təbiət bol əllidir. Bu yerlər həm də dənizin ləpədöyənidir. Torpağın nazını çəkənlər onun barını da görür, bəhrəsini də. Təmiz dəniz havasını udmaq, meşələrin sərinliyində dincəlmək üçün bura üz tutanların sayı-hesabı bilinmir. Paytaxtımızda olduğu kimi, burda da əcnəbiləri görmək mümkündür. Turistlərin əksəriyyəti ərəb ölkələrindən və qonşu İrandan gəliblər…

 “Əziyyətsiz rahatlıq yoxdur” deyimi bu gün polisin fəaliyyəti ilə üst-üstə düşür. İllər öncə xaosdan qurtuluşa gedən yolumuzda canıyla, qanıyla vuruşan polisin ölkəmizdə sabitliyi etibarlı təmin etməsi, əmin-amanlığımızın bir nömrəli qarantına çevrilməsi xalqla polis arasında olan vəhdəti daha da gücləndirib. Ölkəmizin şimalında yaşayanlar, milliyyətindən asılı olmayaraq, ürəklə, inamla “Mən Azərbaycanlıyam” deyirlər…

Bu yerdə, əlbəttə ki, Vətən sevdalı şairimiz Xəlil Rza Ulutürkün:

“Ana torpağımda hər bir elata,

Udinə, lazgiyə, talışa, tata.

Yer  boyda, göy boyda məhəbbətim var” misraları yada düşür.

Yollar məni üzü şimal sərhədlərimizə doğru aparır. Yaşıl çətirli ağaclarla əhatə olunmuş yolların qırağında insanlar qaynaşır. İstirahətə gələnlərin də bəxti gətirib. Bazarlıq etmək üçün bir də bazara, dükana getməyə, əlavə vaxt sərf etməyə ehtiyac yoxdur. Yenə də gözəl bir el deyimimiz yada düşür: “Al qapında, sat qapında”…

Rayonda şəhər olan Xudatda hamı olmasa da, adını hər kəs eşidib. Gözəl, səfalı və şəfalı yerdir. Düzü, yolum bura ilk dəfə düşürdü, hərgah şimal bölgəsində dəfələrlə ezamiyyətdə olmuşam.

Xudat səsli- küylü, çoxmillətli şəhərdir, 30 minə yaxın əhalisi var. Burda da sabitlikdir və mən görülən işi, çəkilən zəhməti görüb yazmamağı özümə bağışlaya bilməzdim. Əgər polisin fəaliyyətini vətəndaşlarımız DİN-ə ünvanladıqları minnətdarlıq məktublarında sevə-sevə qeyd edirlərsə, bəs biz niyə bu işdə xəsislik edək?

Xaçmaz RPŞ Xudat Polis Bölməsinə yaxınlaşanda “üzümə qapı açanlar” DİN-in Polis Akademiyasının məzunları oldu. Necə sevindiyimi təsəvvür etdinizmi? İnsan bələd olmadığı  yerdə doğmasını, əzizini görəndə sizcə hansı hissləri keçirər?

Onlar da gəlişimin məqsədini biləndə sevindilər. Dedilər ki, bölmə rəisi, polis polkovnik-leytenantı Fəxrəddin Hacıyev indi vətəndaşları qəbul edir.

Qeyd etmək yerinə düşər ki, bu gün DİN rəhbərliyi paytaxtda və yerlərdə vətəndaşların qəbuluna həssaslıq nümayiş etdirir. Onların üzləşdikləri problemlərin həllinə diqqət və qayğı ilə yanaşılması, polisin  fəaliyyətinin vətəndaş məmnunluğuna xidmət etməsi həmkarlarımızın qarşısına  tələb kimi qoyulub.

Bölmə rəisi 2017-ci  ilin 6 ayı  ərzində  cinayətkarlığa qarşı mübarizənin və ictimai qaydanın təmini sahəsində görülmüş işlərin nəticələrinə dair fikirlərini bölüşərkən bildirdi ki, baş verə biləcək cinayətlərin qarşısının alınması və açılması, narkotiklərin qanunsuz  dövriyyəsinə qarşı  mübarizə, axtarışda olan  təqsirləndirilənlərin tutulması və itkin düşmüş şəxslərin tapılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini üçün bölmənin əməkdaşları xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.

2017-ci ilin 6 ayı ərzində bölmənin xidməti ərazisində 12 cinayət qeydə alınıb, törədilən bütün cinayətlər açılıb. Təhlil göstərir ki, 2016-cı illə müqayisədə cari ilin 6 ayında qəsdən sağlamlığa yüngün zərər vurma, xuliqanlıq sabit qalıb, narkotiklərlə bağlı ümumi cinayətlər 1 fakt, oğurluq 1 fakt, dələduzluq 1 fakt azalıb, yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması 3 fakt, o cümlədən ölümlə nəticələnən yol nəqliyyat hadisələri 3 fakt (0/3), ölüm həddinə çatdırılma 4 fakt (5/1) artıb. Hesabat dövründə xidməti ərazidə ağır və xüsusilə ağır cinayətlər qeydə alınmayıb. Axtarışda olan 2 şəxsin də tutulması təmin olunub, itkin düşən 1 nəfər müəyyən edilərək tapılıb.

Bölmədə olarkən gənc əməkdaşlara xüsusi diqqət və qayğının şahidi oldum. Sahə rəisləri, polis kapitanları İlham Ağayev, Ceyhun Sədullayev, polis leytenantı Təhmin Aslanov, təhqiqatçı, polis baş leytenantı Fariz Həmidov, təhqiqatçı, polis baş leytenantı Sevinc Hüseynova, manqa komandiri, polis baş serjantı Emin İlyasov və polis serjantları Mənsur AbuzərovƏnvər Xəlilov gənc olsalar da, artıq xidmətdə bişiblər, bərkiyiblər.

Bölmənin əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili vəzifəsini müvəqqəti icra edən polis leytenantı Pənah Həsənli də Polis Akademiyasının məzunudur.

Bölmədə olarkən onun vətəndaşlarla ünsiyyət qurma bacarığı diqqətimi çəkdi.  Tapşırılan işin öhdəsindən gəlmək üçün gecəsini-gündüzünə qatan, biliyini və təcrübəsini vətəndaşlara xidmət etmək üçün səfərbər edən gənclərimizi görəndə insanın qürurdan sinəsi qabarır. Bax, elə polisə sevgi də, inam da, etibarda burdan qaynaqlanır. Qarşıya çıxan hər hansı bir problemin həlli üçün kollektiv yanaşma, birgəlik nümayiş etdirmək isə, əlbəttə ki, əldə olunacaq uğurların təməlidir…

Gəlişimin həm də əsas məqsədi harda polisin izi varsa, onun arxasınca düşüb yazıya almaq idi.  Xudatın inzibati ərazisi bitsə də, hələ sərhəddə çox qalırdı. Fürsətdən yararlanıb yorğunluğumu çıxarmaq üçün özümü Xəzərin qoynuna atdım. Sahildə polisləri görəndə, heç də təəccüblənmədim. Daha doğrusu, heç kim təəccüblənmirdi. Axı onlar xidmətdəydilər…

Xəzərimizi qoruyan polislərimizlə də söhbət etdim, onların xidməti ilə maraqlandım. Diqqətinizə çatdırım ki, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi də burda yerləşir. Bölmə rəisi, polis mayoru İsmayıl Həsənov mənə fəaliyyətləri ilə bağlı ətraflı məlumat verdi. İşlərinin çətinliyindən də söhbət açdı, maraqlı olmağından da. Məlum oldu ki, bölmənin əsas fəaliyyəti brokonyerliklə mübarizədir. Həmkarım dedi ki, 14 ildir ki, ömrünü bu xidmətə həsr edib. Oğlu İbrahim Həsənov da yolunu davam etdirir.

 “Su adamı sakitləşdirsə də, dənizdə mübarizə həm də risq tələb edir. Təhlükə hər addımda var, özü də bu suda ola. İndi təsəvvür edin”. Bunu da İ.Həsənov dedi. Söhbət zamanı ilin altı ayı ərzində görülmüş işlərə də nəzər saldıq…

Yalama Polis Bölməsinin xidməti ərazisindəyəm. Məlumat üçün deyim ki, mövsümlə əlaqədar olaraq burada da onlarla əyləncə və istirahət mərkəzi fəaliyyət göstərir. Gəliş-gediş çox olan yerlərdə törədilən cinayətləri açmaq bir qədər çətinlik yaradır.  Ancaq onlar da işlərini möhkəm tuturlar. Ərazini yiyəsiz qoymurlar.

Fəaliyyətləri ilə maraqlandım. Bu ilin altı ayı ərzində xeyli iş görüblər. Bölmə rəisi, polis kapitanı Xəyyam Əzizov dedi ki, ümumi çəkisi 412 kiloqramdan çox narkotik vasitə olan çətənə kolu məhv edilib. İki mənzil, iki mağaza oğurluğunun, 1 qəsdən adamöldürmə faktının üstü açılıb. Qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi aidiyyatı üzrə təhvil verilib. Dini ekstremizmə qarşı mübarizə tədbirləri gücləndirilib, kriminogen durum nəzarətdə saxlanılıb.

… Bura Vətənin başladığı yerdir. Burda xidmət aparan oğullarımız – polislərimiz də Vətəni qoruyurlar. Onlar Azərbaycanın dövlət sərhəddinin bir addımlığında təkcə insanların rahat istirahətini, əmin-aman həyatını, normal güzaranını deyil, həm də torpaqlarımızı ona uzanan xain əllərdən, terrorçuluğu, dini ekstremizmi, separatçılığı yayan düşmən fitnələrdən qoruyurlar.

Onlar Vətənimizi ləyaqətlə qoruyurlar. Atalar yaxşı deyiblər ki, görünən dağa bələdçi lazım deyil…

 

Hafiz Təmirov,

polis mayoru