XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2015 - 12:58

Sabunçu yolunun genişlənməsi gündəmdə deyil – Tıxac davam edəcək

Sabunçu-Zabrat  yolunun  Sabunçu körpüsünə yaxın hissəsində hər gün intensiv tıxaclar müşahidə olunur. Son aylarda orada qoyulan yerüstü piyada zolağı sürücülərin işini bir qədər də çətinləşdirib. Məcburən piyadalara yol verən avtomobillər yolda tıxac yaradırlar. 

Həm maşınların, həm də piyadaların bu yolda hərəkətinin intensivliyi tixacdan qaçmağa imkan vermir. Xüsusilə, səhər və axşam saatlarında avtomobillərin sıxlığı artdıqda tıxac daha da böyüyür. Bu da həm piyadaların, həm də sürücülərin ciddi narazılığına səbəb olur. 

Bu cür vəziyyət Sabunçu-Zabrat yolunda illərdir davam edir. Problemi həll etmək üçün ölkə başçısının göstərişi ilə ötən il həmin yolun genişləndirilməsinə başlanıldı. Bu ilin yaz aylarında işlər daha intensivləşdi və yolun Sabunçu qəsəbəsindən keçən hissəsinin bir tərəfi genişləndirildi. Digər tərəfində isə yolun kənarındakı obyektlər sökülsə də, tikinti işləri dayandırılıb. 

Strateq.az-a açıqlamasında  “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bunun səbəbini izah etməsə də, həmin yolunun davamında tikinti işlərinin hazırda müzakirə mövzusu olmadığını bildirib:

“Avropa oyunları ərəfəsində həmin yolda genişlənmə işləri aparıldı. Sabunçu dairəsindən Olimpiya Stadionuna yeni yol çəkildi. Orada ilkin mərhələdə həmin yolun üzərində müəyyən genişləndirmə işləri aparıldı.Yolun yarımçıq qalan hissəsində tikintinin aparılması bu gün müzakirə mövzusu deyil. Ola bilsin gələcəkdə həmin yolda davamlı olaraq genişləndirmə işləri aparılsın. Ancaq hazırda orada işlərin aparılması nəzərdə tutulmayb”. 

Həmin yolda piyada keçidinin tıxaca səbəb olmasına gəlincə, A.Nəcəfli deyib ki, orada piyada zolağının və ya keçidinin tikilməsi, nişanların qoyulması Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı ilə həll olunur: 

“Biz sadəcə olaraq təkliflər verə bilərik. Yalnız Komissiyanın qərarından sonra “Azəryolservis” orada hansısa iş görə bilər. Bununla bağlı oradakı mövcud vəziyyət həm Baş Dövlət Yol Polisi İdarəsinin, həm də bizim nəzarətimizdədir. Yəni, orada piyadalar üçün keçidin daha optimal formada qurulması üçün təkliflər hazırlanır. Bununla bağlı araşdırmalar aparılır, nəqliyyatın şiddəti, eyni zamanda piyadaların avtomobil yolunu keçməsi kimi məsələlər yoxlanılır. Təkliflər Komissiyaya təqdim ediləcək. Biz orada ya yerüstü piyada keçidinin bir qədər önə çəkilməsini, ya da yerüstü piyada keçidin tikilməsini təklif etmişik. Hansı variantın seçiləcəyi Komissiyanın qərarından sonra bəlli olacaq”. 

Digər yollarda ehtiyac olan yerlərdə piyada keçidlərinin qurulacağına gəlincə, “Azəryolservis” rəsmisi onlarla bağlı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təkliflər verdiklərini bildirib:

 “Bakı şəhəri və ətraf ərazilərdə yaşayış yerləri genişlənir. Həmin ərazilərdə piyada keçidlərinin inşasına zərurət yaranıb. Bununla bağlı biz təkliflər hazırlamışıq. İlkin olaraq 45 yerdə yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Bununla bağlı təkliflərimizi Komissiyaya vermişik. Həmin yerlərdə keçidlərin tikilib-tikilməyəcəyi Komissiyanın qərarından asılı olacaq”.

Fərqanə