XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2017 - 13:16

Kür çayında çirklənmə artır –Ermənistandan gələn çirkab suları çayı zəhərləyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqustda növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun birinci ongünlüyündə Kür çayında suyun sərfi iyulun üçüncü ongünlüyünə nisbətən saniyədə 20,6 kubmetr azalaraq saniyədə 49 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,6, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqustun birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2,3, Bəhramtəpədə isə 2,2 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,19-7,20 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.