XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2017 - 17:04

Aqil Abbas təhsil nazirinə müraciət etdi:“Təhsil haqqını hissə-hissə ödəsələr, dünya dağılar?”

Aqil Abbas

Milli Məclisin deputatı

 

Bu il, təxminən, ali məktəblərə 36 min tələbə qəbul olunub ki, bunun da təxminən 26 mini ödənişli təhsilə düşüb.

Olsun, bazar iqtisadiyyatıdı, təhsilimizdə də bazarlıq gedir. Və dünyanın inkişaf etmiş ölkələrində də belə bir bazarlıq var. Məsələ nədi? Universitetlərə daxil olan tələbələr dərs ili başlamamışdan əvvəl bir illik təhsil haqqını bəri başdan ödəməlidirlər. Təhsil haqqı da 2000 manatdan başlayır, vurub kəllə-çarxa da çıxır. Yəni bir tələbənin ən aşağı bir illik təhsil haqqı bir illik minimum əmək haqqından 1.5 dəfə çoxdur. Kəllə-çarxa vurub çıxanlarınkı isə orta aylıq əmək haqqından çoxdur. Nəticədə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə, universitetlərdən kənarda qalır. Və universitetlər də nə qədər ziyana düşür.

Dünya dağılar, bunu hissə-hissə ödəsələr, ya yarı-yarı ödəsələr? Nə qədər eşidirik, təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, ya intihara cəhd edib. Və yaxud övladının gözünə baxa bilmədiyinə görə, valideyn intihar edib. Məcbur olub evini, çörək ağacı olan mal-heyvanını satan, borca düşən, bankların əsiri olan ata-anaları demirəm.

Hörmətli təhsil naziri Mikayıl Cabbarov, hörmətli rektorlar, bəlkə bir yerə yığılıb götür-qoy edəsiniz, bir əncam fikirləşəsiniz?!

Ulu Öndər Heydər Əliyev deyirdi: «Təhsil millətin gələcəyidi». Milləti gələcəksiz qoymayın!

Yuxarıda niyə yazdım ki, nazirin və rektorların oxuması qəti qadağandı? Fikirləşdim ki, oxuyub nə edəsidilər ki?!