XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 18:40

Ekspert:“Ünvanlı sosial yardım alanların sayının azalmasına səbəb internetdir”

"Ünvanlı sosial yardım alan şəxslərin sayının azalması müraciətin elektronlaşması ilə bağlıdır”.

Bunu "Sherg.az”a Azərbaycanda sosial yardım alanların sayının azalmasının səbəblərini izah edərkən, iqtisadçı – ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, ünvanlı sosial yardım almaq üçün insanlar elektron müraciət etməli olduğundan korrupsiya halları da azalıb: "Əvvəlki dövrlərdə sosial yardım almaq hüququ olmayanlar da müəyyən yollarla, qeyri-rəsmi ödəniş hesabına vəsait əldə edə bilirdilər. Yeni sistemə insanların uyğunlaşması isə bir qədər zaman tələb edir. Elektron sistem şəffaflıq baxımından əvəzolunmazdır. Lakin insanların bu qaydaları öyrənməyə çalışmaması müraciətlərin də sayını azaltdı. Bundan başqa mənfi cavab alanlar da artdı.

Ünvanlı sosial yardım proqramının fəlsəfəsinin dəyişdirilməsi də müzakirə olunur. Həmçinin özünü məşğulluq haqqında proqramın qəbul olunması ilə bağlı olaraq bu il də, ötən il də sosial yardım almaq istəyən şəxslər üçün müəyyən vəsait ayrıldı. Nəticədə onlar dövlətdən vəsait alaraq öz məşğulluğunu təmin etməyə haqq qazandılar.

Bu proqramı saxlamaqla gələcəkdə özünü məşğulluq proqramının genişləndirilməsinə ehtiyac var. Dövlət yoxsulluq həddində yaşayan və aztəminatlı şəxslərə qrant, yaxud faizsiz kreditlər verməklə onların biznesini dəstəkləməlidir. Bununla insanlar ünvanlı sosial yardımlardan asılı olmayacaq”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7 faiz azalıb.