XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 08:20

Biz düzələn zat deyilik?

Tez-tez eşitdiyimiz söz var: “Biz düzələn deyilik”! Keçən yüzilliyin əvvəllərində Sabir, bunu belə ifadə edirdi: “Biz düzələn zat deyilik”. Şəhəriçi nəqliyyatda basabas olanda, toylarımızda hansısa şəxs özünü idarə edə bilməyəndə, məclisdə kimsə qışqıra-qışqıra danışanda biri də kənardan “biz düzələn deyilik”-deyib məsələyə qiymət verir, münasibət sərgiləyir. Doğrudanmı “biz düzələn deyilik” və “çox gecdi, hər şey bitdi” –deyib, əlimizi əlimizin üstünə qoyub oturmalıyıq?

Tarixi təcrübələr və müşahidələr göstərir ki, heç bir millət savadsızlaşmır, milləti savadsızlaşdırırlar, millət yaddaşını itirmir, millətin yaddaşını yuyurlar, millət insan yığını olmur, sadəcə milləti insan yığınına çevirirlər və sair. Eləcə də savadsız bir milləti sivil millət halına, insan yığımını monolit millət durumuna gətirmək mümkündür. Ortada örnəklər var: qonşu Gürcüstan və uzaq Koreya. Bir zamanlar eyni tarixi, eyni dili, eyni soyu və eyni mədəniyyəti paylaşan Koreya bu gün iki fərqli mədəniyyət daşıyıcısına çevrilib. İki yerə bölünüb iki dövlətə çevrilən Koreyanın cənubu iqtisadi göstəricilərinə görə, Asiya qitəsinin ən çox inkişaf etmiş dörd ölkəsindən, dünyanın ilk sıralarda dayanan 15 ölkəsindən biri olduğu halda, quzey kəsimi hələ də feodal təfəkkürlə idarə olunur. Güney Koreya sivil dünyanın bir parçasına çevrildiyi halda, Quzey Koreya idarəetmə üsuluna və öz insanını “zəlil günə qoyub”, gülünc duruma gətirdiyi üçün dünyadan təcrid durumdadı.

Bu dəyişikliklərin elementi bizim ölkəmizdə də var. Sanki, biriləri düşünülmüş şəkildə bu millətin insan yığınına çevirilməsi üçün addım-addım düşünülmüş proje uyqulayır. Həmin “biriləri” bir zaman rüşvətə qarşı dirəniş göstərən müəllimi rüşvət alan tərəfə çevirmək, ailə institutlarını sıradan çıxarmaq, şoulara aludə olan və milli dəyərlərə önəm verməyən izləyici kütləsi yetişdirmək, ziyalıları zəlil duruma salaraq ziyalılığı sıradan çıxarmaq və bu kimi halların oturuşması üçün çalışırlar. Hər şeyimizi bizdən alıb öz “yapma” düzənlərini bizə sırımaq və sonra da “sənin heç nəyin yoxdu”- demək istəyirlər.

Dünyanın gəldiyi son durum və dünyada cərəyan edən son olaylar bizdən qəti addımlar atmağı tələb edir. Yerimizdə saya bilmərik, geriyə dönüş isə məhv olmaq deməkdir. Yalnız irəli baxmaq lazımdır. İrəlidə isə iki seçim var: Ya insanlarımızın beyinlərinin yuyulmasına, mənəviyyatımızın aşılanmasına və bizim insan yığınına çevrilməyimiz yönündə çalışmalara davam etmək; bu da bütün hallarda dünyadan təcrid duruma və sonucda sosial partlayışa aparır, ya da təhsildə, iqtisadiyyatda, mədəniyyətdə, eləcə də həyatımızın bütün sahələrində köklü və düşünülmüş islahatlara getmək. Bu islahatlar olarsa; məktəbin nüfuzu özünə qayıdacaq, müəllim yenidən rüşvətə dirəniş göstərən ziyalıya çevriləcək, izləyici şouya deyil maarifləndirici yayımlara üstünlük verəcək, nəyin gərəkli, nəyin gərəksiz olduğunu müəyyən edə biləcək. Toylarımıza və yaslarımıza düzən gələcək, insanlarımız müalicə üçün İrana və Türkiyəyə qaçmayacaq, öz həkimlərimizə güvən olacaq. İnhisarçılıq aradan qalxacaq, azad iqtisadi rəqabət ortamı meydana gələcək, ölkədə ucuzlaşma yaranacaq. İçimizdəki gizli imkanlar üzə çıxacaq, dünyanın sivil toplumlarından birinə çevriləcəyik. Qardaş qardaşa, qonşu qonşuya, müdir fəhləyə, fəhlə məmura şübhəylə yanaşmayacaq. Qarşılıqlı sayğı və inam meydana gələcək. Beləcə, insanlarımızda özünə güvən yaranacaq və “biz düzələn deyilik” səfsətəsi leksikonumuzdan çıxacaq.

Namiq Hacıheydərli

08 aprel 2015