XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 09:24

“Günəşli”də ekoloji fəlakət təhlükəsinə qarşı monitorinq – SOCAR son xəbəri yaydı

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da günün ikinci yarısında da davam etdirilib.

SOCAR-dan verilən məlumata görə, monitorinqlər havadan helikopterlər, dənizdən xüsusi təchiz edilmiş gəmilər vasitəsilə aparılıb və təxminən 3 saat davam edib. Qəza rayonunda hər hansı neft dağıntısı müşahidə olunmayıb: “Eyni zamanda həmin ərazidə ekoloji vəziyyətə daimi nəzarəti təmin etmək üçün orada olan monitorinq gəmisindən əldə edilən məlumatlarda da qətiyyətlə bildirilir ki, indiyə kimi “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ləkələr qeydə alınmayıb.

Hazırda baş verə biləcək neft dağılmalarına qarşı xüsusi bonlarla təchiz edilmiş 6 gəmi hadisə yerindədir. Bonlar dağıla biləcək neftin gəmilərə doldurulması və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılması və bu yolla mümkün ekoloji fəsadların qarşısının əvvəlcədən alınması məqsədi daşıyır.

Onu da qeyd etmək lazımdır ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb”.

Xatırladaq ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrupun tərkibinə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssisləri daxildir. Məlumat üçün bildiririk ki, “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri gündəlik olaraq işçi qrupa təqdim olunur.