XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 10:22

Komitədən xəbərdarlıq:"Bizim rəyimiz olmadan torpaqlar icarəyə və istifadəyə verilir"

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı genişmiqyaslı işlər həyata keçirir. Bu sahədə yarana biləcək çətinliklərin qarşısının alınması üçün qanunvericilik çərçivəsində mütəmadi tədbirlər görülür.

Komitədən verilən məlumata görə, məqsəd torpaqların təyinatından kənar və əsassız istifadə edilməsi və qeyri-qanuni özbaşına zəbt olunması hallarını müəyyən etmək və qarşısını almaqdır. Komitədən bildirilib ki, bir sıra hallarda torpaqlar fiziki və hüquqi şəxslərə istifadə və icarəyə verildikdə müvafiq qanunvericiliyin tələbləri pozulur. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan müvafiq icra hakimiyyəti orqanı tərəfindən fiziki və hüquqi şəxslərə istifadə və icarə məqsədilə  torpaqlar ayrılır.

“Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamədə dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsi zamanı Komitənin rəyinin alınması qeyd edilib. Yəni yerli icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə dövlət torpaqlarının icarəyə və ya istifadəyə ayrılması barədə qərar qəbul edilənədək və torpaq icarə müqaviləsi bağlananadək ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq yerquruluşu işləri aparılmalı və torpaq ayrılmasına dair rəy alınmalıdır.

Eyni zamanda, Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin istifadəyə və ya  icarəyə verilməsi barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. “Torpaq icarəsi haqqında” Qanununun 9-cu maddəsinə görə isə yerquruluşu layihələri əsasında torpaq sahələrinin ayrılması nəzərdə tutulur. Torpaqla bağlı yerquruluşu işləri Komitənin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Yer quruluşu işlərinin aparılmasının əsas səbəbi ayrılan torpağın sahəsinin, yerinin, sərhədlərinin və konfiqurasiyasının xəritə üzərində göstəriciləri ilə faktiki vəziyyəti arasında uyğunlaşmanın təmin edilməsidir. Bu isə ayrılan torpaqların ərazisinin eyni sahəyə düşməsinin qarşısını alır. Ümumilikdə bu işlərin həyata keçirilməsi vətəndaş və dövlətin maraqlarının qorunmasına istiqamətlənib. Belə ki, vətəndaş qeydiyyatla bağlı maneələrlə qarşılaşmayacaq, torpağı düzgün istifadə edə biləcək. Dövlətə verdiyi əsas fayda isə gələcəkdə dövlət ehtiyacları üçün torpaqların geri alınmasında çətinlikləri aradan qaldırır, əlavə xərclərin yaranmasının qarşısını alır”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, rəylərin verilməsində başlıca məqsəd torpağın təyinatından irəli gələn məsələlərin aydınlaşdırılması, torpaqların hansı kateqoriyaya aid olmasının araşdırılması, torpaqların mühafizə zolaqlarında yerləşib yerləşməməsinin müəyyənləşdirilməsidir: “Rəy verilərkən torpaqların yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları mühafizə zolaqlarında, magistral neft, qaz, su boru kəmərləri üzərində yerləşməsi aşkara çıxarılır. Bundan başqa rəylərin verilməsi torpağın şəhərsalma planlarına uyğun gəlib gəlməməsini  müəyyənləşdirir”.

Komitədən onu da bildiriblər ki, torpaq sahələrinin qanunvericiliyin tələbləri pozulmaqla, qurumun rəyi olmadan verilməsi sonradan sənədləşmə prosesində çətinlik yaradır: “Belə ki, vətəndaşlar bilməyərəkdən ayrılmaya dair rəy alınmayan torpaqlarda qanunsuz tikinti aparır. Daha sonra müvafiq qeydiyyat prosedurunu yerinə yetirəndə isə ilkin hüquqi sənədlərin çatışmazlığı problemi ilə üzləşir. Həmçinin belə qaydada torpaq sahələrinin ayrılması ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərə ciddi maneələr yaradır. Vətəndaşlar bilməlidirlər ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir və burada tikinti aparmaq qeyri-leqaldır. Qanunvericilik çərçivəsində ayrılan torpaq sahələrinə sonradan vətəndaş rahatlıqla mülkiyyət hüququ əldə edə bilər”.

Qeyd edək ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə  maarifləndirmə və izahat işləri aparılır. Bu istiqamətdə vətəndaşların, bələdiyyələrin, müvafiq icra hakimiyyəti orqanlarının məlumatlandırılması üçün torpaqlardan istifadə və onun mühafizəsi ilə bağlı maarifləndirici forumlar təşkil edilir. Belə forumlar mütəmadi olaraq Bakı və bölgələrdə təşkil olunur. Keçirilən maarifləndirici forumların məqsədi torpaqlardan istifadədə mülkiyyətçilərin, dövlətin və vətəndaşların hüquqlarının daha səmərəli təmin olunmasıdır: “Belə forumlarda bələdiyyələr, iri torpaq mülkiyyətçiləri digər aidiyyətı qurumlar torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırılır. O cümlədən onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyi bildirilir. Torpaq idarəçiliyində yaranan qanun pozuntularına qarşı tətbiq olunan inzibati tənbeh tədbirləri, o cümlədən sanksiyalarla bağlı maarifləndirilir. Eyni zamanda, torpaqların istifadəsi ilə bağlı yaranan hüquq və vəzifələri agah edilir”.

APA