XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 13:29

“Zakir Həsənov onları Qarabağ münaqişəsində qətiyyətli olmağa çağırıb” – Hərbi ekspert

zakir-d.jpg

“Azərbaycan-Türkiyə-Gürcüstan hərbi əməkdaşlığı Rusiyanın regionda jandarma missiyasına son qoya biləcək yeganə vasitədir”.

Bunu Strateq.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Ramil Məmmədli Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə nazirlərinin İstanbul görüşünü şərh edərkən deyib.

O bildirib ki, balanslaşdırılmış hərbi əməkdaşlığa üstünlük verməsinə baxmayaraq, Azərbaycanın bu formatda hərbi əlaqələrinin genişləndirilməsi çox zəruridir:

“Nəinki bölgədə, hətta dünyada baş verən proseslər artıq məsələlərə “balanslı siyasət” taktikası ilə davranmağı təhlükəli edib. Bu amilə, xüsusən də Azərbaycan şimaldan gələ biləcək bütün narahatlıqlara baxmayaraq, rəsmi Moskva üçün arzuolunmaz ölkələrlə öz marağımız naminə hərbi sahədə əməkdaşlığı davam etdirə bilməyimiz yalnız təqdir olunmalıdır”.

Onun sözlərinə görə, görüş sonrası verilən açıqlamalardan da bəlli olub ki, diqqət bölgədəki sülhün bərqərar olunması üçün ölkələrin ərazi bütövlüyünə və regional təhlükəsizlik məsələsinə yönəldilib.

Hərbi politoloq İstanbul görüşündən sonra açıq qalan məqamların həll olunacağına da ümid etdiyini söyləyib:

“Azərbaycanın Müdafiə naziri Zakir Həsənov görüş sonrası keçirilən brifinqdə bir məqama xüsusi toxunub. O deyib ki, bölgədəki problemlərin həlli üçün iş birliyi sayəsində hərəkət edilməlidir. Azərbaycan da bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, bu ismarışla Zakir Həsənov hər iki ölkəni Dağlıq Qarabağ məsələsində qətiyyətli olmağa, Azərbaycanın ədalətli mövqeyini daha kəskin müdafiə etməyə  səsləyib”.

“Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşelinin görüş sonrası açıqlaması isə bir qədər iddialı olub. O, birmənalı olaraq deyib ki, Gürcüstan NATO və Avropa Birliyinə üzv olacaq. Münaqişə vəziyyətində olan bir ölkənin NATO-ya üzv qəbul olunması inandırıcı görünməsə də, Gürcüstan Müdafiə nazirinin belə inamlı açıqlaması şübhə yaratmaya bilmir” – deyə, R.Məmmədli bildirib.