XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2015 - 07:05

“Yox deməyi bacaraq” – Keşlədəki 227 saylı məktəbdə narkomaniya əleyhinə tədbir keçirilib

nizami-m-1.jpg

Dünyanı cənginə alan bəlaya və onunla mübarizəyə qarşı şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgini izlədikcə, beynimizdən keçən ilk fikir bu oldu: hər bir çətinliyi aradan qaldırmaq, asanlaşdırmaq olar, ancaq gələcəyimiz olan uşaqların taleyinə və gələcəyinə biganəlik bizi bir çox bəlalarla üzbəüz qoya bilər.

Gündən-günə kürəsəlləşən dünyamızda uşaqlara diqqət və qayğının artırılması valideynlərlə yanaşı, bu gün dövlətimizn də nəzarətindədir. Məhz buna görə də aidiyyəti qurumların cəmiyyəti narahat edən problemlərə diqqət çəkib həyəcan  təbili çalmaları, əlbəttə ki, başadüşüləndir.

Sərgidə nümayiş olunan rəsm əsərlərində həm də məktəb rəhbərliyinin apardığı təbliğatın verdiyi effekti gördük. Demək, Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli məktəbdə aydınlarımız onlara yaxşı oxumaq, layiqli vətəndaş olmaqla bərabər, həm də pis vərdişlərdən uzaq olmağı aşılayıblar.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra başladı. Məktəbin direktoru Nazilə Əliyeva qonaqları salamladı və onları təqdim etdi.

O, çıxışında bildirdi ki, narkomaniya ölümə aparan ən qısa yol kimi ən ağrılı problemlər sırasında qalmaqdadır. Bu bəla dünyanın bütün dövlətlərində mövcuddur və Azərbaycandan da yan keçməyib. Məktəb direktoru şagirdlərə sağlam həyat tərzinin aşılanmasında, onlar arasında zərərli vərdişlərə, xüsusilə narkotikaya qarşı meylin qarşısının alınmasında ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin, xüsusilə psixoloqların qarşısında mühüm və məsul vəzifələrin durduğunu qeyd etdi.

Tədbirin keçirilməsinin təşəbbüskarı kimi Nizami RPİ-nin rəhbərliyinin əməyi xüsusi qeyd olundu, DİN-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər, narkomaniya və cinayətkarlıqla ciddi mübarizəsi diqqətə çatdırıldı.

nofel-2.jpg

İdarə rəisi, polis polkovniki Nöfəl Məhərrəmov çıxışına şagirdlərin narkomaniya ilə mübarizə mövzusunda təşkil etdikləri sərgi barədə təəssüratlarını dilə gətirməklə başladı. O qeyd etdi ki, narkomaniya adlı bəladan qurtulmaq, onunla mübarizə aparmaq üçün hər birimiz əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Məktəb, valideyn və polis həmrəyliyi övladlarımızı bu bəlanın girdabına düşməkdən qoruyar. Rəis problemin həlli üçün ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərmanın, 1996-cı ildən bu günə qədər isə narkomanlıqla mübarizədə 4 Dövlət Proqramının qəbul edildiyini və müvafiq sərəncamların imzalandığını vurğuladı.

Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının (2013-2018-ci illər) təsdiq edilməsi barədə” Sərəncamı bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.

N.Məhərrəmov narkotiklərlə və onların prekursorları ilə mübarizədə İdarənin hər bir əməkdaşının səfərbər olduğunu, məhz onların gərgin zəhməti nəticəsində bu il 30 kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına  diqqət çəkdi, narkomaniya ilə mübarizədə növbəti belə tədbirlərdə millət vəkillərinin də iştirakının vacibliyini bildirdi.

Sonra söz mərasimin aparıcıları olan şagirdlərə verildi. Mövzu ilə bağlı şagirdlər tərəfindən göstərilən müxtəlif oyunlar və səhnəciklər, nümayiş etdirilən “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı video-çarx  iştirakçıların marağına səbəb oldu.

Tədbirdə Nizami Rayon İcra hakimiyyətinin nümayəndəsi Bəhman Hüseynov, RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Sadiq Mədədov, rəis müavinləri, polis polkovniki Ədalət Əliyev, polis polkovnik-leytenantı Muşfiq Aslanov və 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov iştirak edirdi.  

 

Hafiz Təmirov,

polis kapitanı

nizami-3.jpg

nizami-4.jpg

nizami-6.jpg