XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 16:11

Dərslik müəlliflərinin narazılığı var- Təhsil Nazirliyi münasibət bildirdi

Azərbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir. 2008/2009-cu tədris ilindən başlayaraq yeni kurikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr olunması və məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaqlar. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il əvvəl həyata keçirilib.

Azərtac xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bəzi dərslik müəlliflərinin narazılıqlarına cavab olaraq deyib.

Nazir müavini bildirib ki, ötən ilin noyabrında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib. Həmçinin bu dərsliklər həm Dərsliyin Qiymətləndirilməsi Şurası, həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən qiymətləndirmədən keçib. O deyib: “Həmin qiymətləndirmədə bütün nəzərdə tutulan göstəricilərin orta məxrəci əsasında qaliblər elan olunub. Qalib elan olunan dərsliklər yanvardan etibarən xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulan və yaradılan portalda yerləşdirilib və ictimai müzakirəyə təqdim edilib. İctimai müzakirələrin aparılması ikinci ildir ki, tətbiq olunur. İctimai müzakirələr zamanı Təhsil Nazirliyinə müvafiq qurumlar tərəfindən müxtəlif fikirlər və təkliflər daxil olub. Onların da əksəriyyəti müəlliflərə təqdim edilib. Bir çox halda onlar bu təkliflərlə razılaşıb nəzərə alıblar, bəzi hallarda isə öz mövqelərini ortalığa qoyublar ki, materialın bu və ya digər formada təqdim olunması daha düzgündür”.

C.Bayramov vurğulayıb ki, dərslik hazırlanması kifayət qədər mürəkkəb və çoxmərhələli bir prosesdir. Bu prosesin ictimaiyyətə açıq olması, bütün tərəflərin təkliflərinin nəzərə alınması üçün Təhsil Nazirliyi tərəfindən maksimum şərait yaradılır. Gələcəkdə də bu prosesin geniş müzakirə vasitəsilə qəbul edilməsi nazirliyin diqqət mərkəzindədir. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, yaradılan “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın artıq ilk iclası keçirilib. Payız aylarında şuranın növbəti iclası olacaq. Orada müxtəlif ictimai xadimlər, təhsil sahəsində təcrübəsi olan insanlar öz fikirlərini bildirəcəklər.