XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2017 - 21:27

Hacı Zeynalabdin Tağıyevin nəticəsi:“Babamın Bakıdakı mülkləri mənə lazım deyil” - MÜSAHİBƏ

Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev 1905.az” saytına müsahibə verib.

Strateq.az müsahibəni oxucularına təqdim edir.

 

– Azərbaycanda Hacı Zeynalabdin Tağıyev haqqında məlumatı olmayan adam tapmaq mümkün deyil. Maraqlıdır ki, XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Bakıda sərvət sahibi olan insanların heç də hamısı yaddaşlarda qalmayıb. Onların bir qismi unudulub, bir qisminin adı yaxşılıqla xatırlanmır. Amma Hacı Zeynalabdin Tağıyev yalnız yaxşı sözlərlə xatırlanan sərvət sahiblərindəndir. Siz də bu böyük şəxsiyyətin nəticəsisiniz. Siz Hacının hansı övladının nəvəsisiniz?

– Mənim ata nənəm Sürəyya xanım Hacı Zeynalabdin Tağıyevin kiçik qızıdır. Hacının ikinci nigahdan 3 qızı vardı – Leyla, Sara və Sürəyya. Əlbəttə, Sara xanımın taleyi çoxlarına məlumdur. Sürəyya xanım Sara xanımdan kiçik idi, amma 1975-ci ildə vəfat etdiyindən, onun haqqında məlumat azdır. Leyla xanım mühacirətə getmişdi, onun nəvələri indi də xaricdə, Amerikada yaşayırlar. Sara xanımın qızı Səfiyyə burada yaşayırdı. Sürəyya xanım Dərbənddən gələn Abdullayev soyadlı bir mühəndislə evlənmişdi. Abdullayev də Dərbənddə yaşayan məşhur bir ailənin üzvü idi. 1922-ci ildə evləniblər, mənim atam da 1924-cü ildə anadan olub.

– Nazim müəllim, Sizin bu məlumatlarınız çox maraqlıdır. Bu böyük şəxsiyyətin nəticəsi olaraq onunla bağlı hansı işləri görmüsünüz? H.Z.Tağıyev çox ixtiyar yaşında dünyasını dəyişib. Sovetləşmə, Stalin repressiyaları, müharibə və s. nəsillərarası rabitəni pozub. Amma bununla belə çox ola bilsin ki, Sizin nəslin sərəncamında hansısa sənədlər, arxiv şəkilləri qalıb. Onları toplamağa və nəşr etməyə cəhd göstərmisinizmi bu illər ərzində?

– Başqalarını bilmirəm, amma bizim ailəmiz bu baxımdan bir qədər fəaldır. Bizim məlumatlarımız, müəyyən arxivimiz də var. Bunları da paylaşmağa çalışırıq. 2010-cu ildə Milli Azərbaycan Tarixi Muzeyi BP şirkətinin dəstəyi ilə Hacı Zeynalabdin Tağıyev haqqında kitab buraxıb. Bu böyük mesenatla bağlı kitabda geniş məlumat toplanıb. Ümumi dostumuz, tarixçi Fərhad Cabbarov da həmin kitabın ərəsəyə gəlməsində yaxından iştirak edib. Özümüzdə olan məlumatları, foto-arxivi də Fərhad müəllimə təqdim etmişdik. Elə özüm də Facebook şəbəkəsində Hacı ilə bağlı səhifənin aparıcısıyam. Orda da bu mövzu ilə bağlı xeyli məlumat var. Əlbəttə, Tağıyevin ölümündən 90 ildən çox keçir. Bizim ailəmiz də sovet repressiyalarına məruz qalıb. Xeyli əşyalar, sənədlər itib. Amma qalanları təbliğ etməyə çalışırıq.

– Amerikada təhsil almısınız. Hansı sahədə çalışırsınız?

– İxtisasca neftçi-geoloq, geofizikəm. Azərbaycan Neft və Sənaye Universitetini bitirmişəm, sonra Amerikada iki il oxumuşam. BP şirkətində çalışmışam, İngiltərə və Misirdə işləmişəm. İndi isə iki ildir ki, burada işləyirəm.

– Hacı Zeynalabdin Tağıyevin də sərəncamındakı vəsaitlərin əsas mənbəyi neft olub. Siz də neftçi-geoloqsunuz. Bu Sizdə təzadlı hisslər yaratmır ki?

– İnsanlara Tağıyev haqqında məlumat almaq həmişə maraqlıdır. Mən də bu məlumatları onlarla həvəslə paylaşıram. Bayaq dedidiyiniz kimi o vaxt Bakıda həm azərbaycanlı, həm də azərbaycanlı olmayan yetərincə böyük sərvəti olan insanlar var idi. Və bu insanlar içərisində Tağıyev bir fenomendi. Həmin dövlətli insanların imkanları Hacıdan da çox idi. Amma Azərbaycan tarixinə Hacı Zeynalabdin Tağıyev düşüb.

– Heç şübhəsiz ki, Tağıyev müstəsna keyfiyyətlərə malik insandı. Manaf Süleymanov “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabında qeyd edir ki, Tağıyevin Bakıda 96 mülkü olub. Onların bir çoxundan insanların xəbəri yoxdur. Amma ən azından Milli Azərbaycan Tarixi Muzeyinin binasını və digər mülkləri tanıyırlar. Sizin bu irsə sahiblənmək arzunuz, yaxud onlara qarşı iddia irəli sürmək istəyiniz olubmu?

– Mən bu məsələyə bir az fərqli yanaşıram. O sərvətin qazanıldığı dövr fərqli idi və o zaman şəxsi mülkiyyət toxunulmazdı. Kommunist dövrü şəxsi mülkiyyətə nifrət hissini formalaşdırıb. Heç Hacı Zeynalabdin də Hacı Abuturab ona deyəndə ki, “elə vaxt gələ bilər ki, bu sərvət əlindən çıxar”, inanmamışdı. Amma sosializm quruluşu dövründə bu sərvət doğrudan da onun əlindən çıxdı. 1990-cı illərdə onu geri qaytarmağa cəhd edənlər oldu. Lakin mən başa düşürəm ki, indi dövr fərqlidir. Həm də mən maddi cəhətdən nisbətən təmin olunmuş insanam. Bunlar mənə lazım deyil.

 Azərbaycan cəmiyyətində Hacı Zeynalabdin Tağıyevin adına, irsinə münasibət Sizi qane edirmi? Əlbəttə, onun adına qəsəbə var və həmin qəsəbə vaxtilə çəkdiyi “Şollar” suyunun nasos stansiyası üzərində yaradılmış yaşayış məskəninə verilib. Hesab edirəm ki, “Şollar” su kəməri Tağıyevin öz xatirəsinə “ucaltdığı” ən böyük abidədir. Tarix Muzeyinin fasadında da onun büstü var. Bunlar kifayətdirmi, yoxsa xalq kimi bir az qədirbilməzik?

– Elə insanlar var ki, əfsanələşib. Elə insanlar da var ki, tarix kitablarına düşüblər. Hacı Zeynalabdin Tağıyev əfsanələşib, hətta az qala nağıl qəhrəmanına çevrilib. Yəni artıq xalqın şüurunda daim yaşayacaq. Mənim üçün ən böyük qiymət elə budur. Hətta onun, övladlarının taleyi də insanlar üçün maraqlıdır və soruşurlar bu barədə. Adına qəsəbə verildiyini qeyd etdiniz, elə orada heykəli də var. Çox istərdim ki, keçmiş müsəlman qızlar gimnaziyasının binası üstünə də bu binanın Tağıyev tərəfindən hansı məqsədlər üçün tikdirildiyi barəsində də xatirə lövhəsi vurulaydı. Ümumiyyətlə isə mən onun xatirəsinin əbədiləşdirilməsi üçün görülən tədbirlərdən razıyam.

– Gözəl qeyd etdiniz ki, Tağıyev əfsanəvi şəxsiyyətə çevrilib. Hər hansı böyük şəxsiyyətin həm də ardıcılları olur. Bu gün Hacı Zeynalabdin Tağıyev ənənələrini yaşadan mesenatların, təmənnasız yardım göstərən insanların olduğunu hiss edirsinizmi?

– Məncə, Hacı Zeynalabdin Azərbaycan xalqının dirçəlişi və inkişafı yolunun bayraqdarlarındandır. O, yalnız xeyriyyəçi deyildi, həm də elmə, təhsilə dəyər verən şəxsiyyət idi və özünü də belə insanlarla əhatə etmişdi. Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və s. kimi insanlara qayğı göstərirdi, onlar isə xalqın inkişaf yolunu cızırdılar. İndiki dövrü o vaxtla müqayisə etmək bir az düzgün olmazdı.

– Belə bir insanın ədəbiyyatda, incəsənətdə, eləcə də təsviri incəsənətdə obrazı yaradılıbmı?

– Əsas qəhrəmanı Musa Nağıyev olan “Yük” filmində müəyyən qədər var. 1994-cü ildə Tağıyevlə bağlı rejissor Rasim İsmayılov film çəkirdi. Amma maliyyə çətinlikləri üzündən bitirə bilmədi.

– Paradoksa fikir verin. 100 il öncənin ən böyük xeyriyyəçisi haqqında filmə maliyyə vəsaiti tapılmayıb.

– Bəli, bu film indiyə kimi yoxdur.

– Nə qədər qəribə də olsa Hacı Zeynalabdin Tağıyev haqqında neqativ informasiyalar da yayılır. Böyük insan haqqında belə detalların qabardılmasına qarşı Tağıyevin xatirəsinin mühafizi kimi çıxmaq istəyi yaranmayıbmı Sizdə? Yoxsa buna ehtiyac duymursunuz?

– Bu cür debatlara o insanlarla girmək olar ki, onlar debatlara hazırdılar. Belə yazıları yazanlar sadəcə olaraq məzələnirlər. Bu cür iddiaların qarşısının alınmasında Tarix Muzeyi, Fərhad müəllim çox kömək edir. Onlar mətbuatda cavab verirlər, mən də Facebook vasitəsilə sözümü deyirəm. Amma hər mənasız hücuma da cavab verməyə ehtiyac duymuram. Xalq vaxtında öz qiymətini verib. Düzdür, bunların bir hissəsi daha çox əfsanəyə oxşayır. Məsələn, guya ki, Hacı Zeynalabdinin Bakıda balıq ticarətini artırmaq üçün üzüyünü dənizə atması məsələsi inandırıcı deyil. Amma insanlar buna inanır. İndi bu əfsanələri təkzib etmək istəsəm, yel dəyirmanları ilə vuruşan Don Kixota bənzəyərəm.

– Bizim söhbət etdiyimiz məkanın bir neçə addımlığında Tağıyevin evi, tikdirdiyi teatr və bank binası, məşhur Tağıyev passajı var. Amma məncə onun ən böyük işləri “Şollar” su kəməri, toxuculuq kombinatı və müsəlman qız məktəbidir. Sizin üçün bu layihələrdən ən vacibi hansıdır?

– Mən çox qətiyyətlə deyə bilərəm ki, qızlar məktəbi. Müsəlman qızlar üçün məktəb tikilməsi və onların təhsil almalarına nail olmaq həqiqətən də o dövr üçün böyük iş idi və həmişə də tarixdə qalacaq.

– Tağıyevin qızlarından biri milyonçu Şəmsi Əsədullayevin oğlu ilə ailə qurub və mühacirətə gediblər. Məşhur fransız yazıçısı Banin onların övladıdır?

– Leyla xanım Şəmsi Əsədullayevin oğlu Əli Əsədullayevə ərə gedib. Banin isə Ş.Əsədullayevin başqa bir oğlu Mirzə Əsədullayevin qızıdır.

– Leyla xanımın nəvələri ilə əlaqələriniz varmı?

– Leyla xanımın nəvələri Əli, Leyla və Bilqeys Amerikada və Türkiyədə yaşayırlar. Onlarla əlaqələrim var. 2010-cu ildə Tarix Muzeyində Tağıyevlə bağlı ekspozisiya açılmışdı. O vaxt Amerika, Türkiyə və Rusiyadan Hacının bütün qohumları gəlmişdi.

– Hacı Zeynalbdin Tağıyevin Sona xanımdan əvvəlki nigahdan da övladları vardı. Bəs onların sonrakı taleyi necə olmuşdu? Həmin oğullarından biri 1918-ci il mart soyqırımı ərəfəsində həlak olmuşdu.

– Tağıyevin birinci nigahdan iki oğlu vardı – İsmayıl və Sadıq. Onların nəticələri ilə də əlaqələrimiz var. İkinci nigahdan olan oğlu Məmmədkazım tez ölmüşdü. Digər oğlu Məmmədtağı isə “Dikaya diviya”nın tərkibində xidmət edirdi. Məmmədtağının cənazəsi Lənkərandan Bakıya gətiriləndə bolşevik-daşnak hökuməti “Dikaya diviziya”nın zabitlərini tərk-silah etməyə çalışmışdı. Bu hadisə həm də mart qırğınlarına başlamaq üçün bir bəhanə oldu.

Fuad Babayev

Gündüz Nəsibov

1905.az