XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

01 Dekabr 2015 - 10:03

“Qanunda bir sıra dəyişikliklər zəruridir”

 

hafiz qht.jpg

İki il əvvəl parlamentdə “İctimai iştirakçılıq” haqqında Qanun layihəsi qəbul olundu. Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

 

Qanunda əksini tapan İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər

 

“İctimai İştirakçılıq” haqqınd” Qanunun təşviqi mövzusunda “Hüquq və İnkişaf Mərkəzi”nin rəhbəri Hafiz Həsənovla həmsöhbət olduq.

 

– “İctimai iştirakcılıq haqqında” Qanunun qəbul olunması bu sahədə hansı müsbət dəyiskliklərə gətirib cixardı?

– “İctimai iştirakçılıq haqqında” Qanun qəbul olunana qədər qanunvericilikdə ictimasi iştirakçılıq, vətəndaş iştirakçılığı ilə bağlı birbaşa və ya dolayısı ilə müəyyən normalar mövcud idi və bu normalar bir sıra hallarda deklorativ xarakter daşıyırdı. İctimai iştirakçılıqla bağlı indiki qanunun qəbul edilməsi bu sahədə müəyyən sistemlilik yaratmaqla və iştirakçlığın formalarını konkret müəyyən etməklə həm də onların təmin olunmasına imperativlik vermiş oldu.

– Necə?

– Belə ki, indi mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması məcburidir, normativ aktların layihəsi və digər ictimai əhəmiyyət kəsb edən məsələlərlə bağlı ictimai dinləmələr və ictimai müzakirələrin keçirilməsi sadəcə normalar deyil, hüquqi tələbdir. ümumilikdə  hesab edirəm ki, bu Qanun onun nəzərdə tutuduğu məqsədlərə uyğun tətbiq ediləcəyi halda idarəetmədə vətəndaş iştirakçılığının, ictimai nəzarətin təmin olunmasında, bu qurumların fəaliyyətində şəffaflığın və hesabatlığın artırılmasında, habelə vətəndaş fəallığının və təşəbbüskarlığının artırılmasında əhəmiyyətli rol oynaya bilər.

– Vətəndas cəmiyyəti bu qanundan necə faydalanır?

– Təbii ki, Qanunda vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) faydalanmaq imkanları geniş nəzərdə tutulub. Məsələn, VCT-lərin QHT-lər haqqında qanunda və digər müvafiq qanunvericilik aktlarında nəzərədə tutulan qanunvericiliyin təkmilləşdirilməsi təklifləri ilə çıxış etmək hüququndan səmərəli istifadə edə bilmirdilər. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hüquqi aktlarının və qərarlarının qəbulu proseslərinə təsir etmək imkanlarına malik deyildilər. Yaxud qanun layihələrinin hüquqyaratma orqanları ilə birgə ictimai dinləmələrini demək olar ki keçirə bilmirdilər. VCT-lər bu Qanunun sayəsində bütün bunlardan faydalanmaq imkanları qazanıblar. İndi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında İctimai Şuralar yaradılır. VCT-lər bu Şuralar vasitəsi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına səmərəli ictimai nəzarəti həyata keçirə, qərarların qəbulu prosesinə müsbət təsirlərini göstərə bilərlər.

 

– Qanunun təşviqi ucun hansi imkanlar movcuddur? Bir ekspert kimi siz nə təklif edirsiz?

– Məncə vətəndaş cəmiyyətinin və ümumilikdə hər bir fərdin “İctimai İştirakçılıq haqqında” Qanunun imkanlarından daha səmərəli və daha geniş faydalanmaları, həmçinin  vətəndaş iştirakçılığına əsaslanan daha yaxşı idarəetmənin formalaşdırılması üçün bu Qanunun təşviqinə böyük ehtiyac vardır. Hesab edirəm ki, bu Qanunun təşviqi üçün ən yaxşı vasitə onun hamıya münasibətdə eyni cür tətbiqidir. Yəni hər bir fərd, ümumilikdə vətəndaş cəmiyyəti inanmalıdır ki, bu Qanunun verdiyi imkanlar hamı üçün eyni qaydada əlçatandır. Eyni zamanda dövlət orqanlarının da Qanunda nəzərəd tutulan iştirakçılıq formalarının həyata keçirilməsinə münasibətdə yanaşmaları səmimi olmalıdır. Bütün bunlarla yanaşı təbii ki, Qanunun təşviqində geniş vətəndaş kütlələri ilə çoxsaylı məlumatlandırma xarakterli görüşlərin keçirilməsi, elektron və çap KİV-lərində bu barədə maarifçilik proqramları da mühüm əhəmiyyətə malikdir.

– Qanunun qəbulu bu sahədə movcud boşlquları aradan qaldırırmı?

– Yuxarıda dediyim kimi, Qanun bu sahədə bir sıra hüquqi boşluqları aradan qaldırır. Burada Qanun tətbiqindən də çox şey asılıdır. Qeyd edim ki, Qanun indiki tətbiq mərhələsində əsasən İctimai Şuraların formalaşdırılması prosesi gedir və iştirakçılığın digər formaları kimi ictimai dinləmələr və ictimai müzakirələrlə bağlı proseslər hələ ki müşahidə olunmur. Məncə burada VCT-lərin zəif təşəbbüskarlığı da az rol oynamır. Ancaq müşahidələr göstərir ki, əsas məsələ bu proseslərin səmimiliyinə ictimai etimadın zəif olmasıdır. Məsələn, hazırda yaradılan İctimai Şuralar daha çox yuxarıdan, dövlət orqanlarının təşəbbüsü və ssenarisi üzrə formalaşdırılır. Təbii ki, bu cür yaradılan İctimai Şuraların fəaliyyəti  Qanunun məqsədlərinə uyğun olmayacaq. Məncə proseslərin bu cür getməsi “İctimai iştirakçılıq haqqında” Qanunun və Nazirlər Kabunetinin İctimai Şuralara seçkilərin keçirilməsini tənzimləyən müvafqi qərarında bir sıra dəyişikliklərin edilməsi zəruriliyini meydana çıxarıb. ümumilikdə isə deməzdim ki, haqqında söhbət gedən Qanun bu sahədə mövcud boşluqları aradan qaldırıb. Hesab edirəm ki, bu Qanun indiki halda bu sahədə daha təkmil hüquqi bazanın formalaşdırılması üçün təkan ola bilər.

– Azərbaycanda umimiyyətlə qanun yaradcılığını necə qiymətləndirirsizniz?

– Bu sahədə xeyli işlər görülsə də, hesab edirəm ki, görülməli işlər də az deyildir. Məncə, mümkün qədər vətəndaşların daha geniş kəsimi bu və digər formada bu prosesə cəlb edilməlidir. Məsələn, Konstitusiyaya sonuncu dəyişikliklərlə seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ verilib. Lakin bu vaxtadək bu hüququn həyata keçirilməsini tənzimləyən qanun qəbul edilməyib. Bundan başqa Parlamentin müvafiq Komitələri VCT təmsilçilərini qanun layihələrinin hazırlanması prosesinə cəlb etmir, yaxud ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin geniş ictimai dinləmələri və müzakirələri demək olar ki, təşkil edilmir. Düzdür, “İctimai iştirakçlılıq haqqında” qanun da daxil olmaqla bir neçə qanunun hazırlanması və qəbul edilməsinin təşəbbüskarı bir sıra qeyri-hökumət təşkilatları olsa da bu olduqca azdır. Deputatların seçki dairələri üzrə ofisləri kiçik istisnalarla mövcud deyildir. Bu cür ofislərin olması deputat-seçici əməkdaşlığını gücləndirməklə həm də qanunvericlik prosesində seçici təşəbbüslərini də artırar. ümumilikdə isə sadlanan və sadalanmayan xeyli məsələlər vardır ki, hüquq yaradıcılığında vətəndaş fəallığını əhəmiyyətli dərəcədə artıra bilər.

Bizim Yol” qəzeti