XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 15:10

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyində nöqsanlar aşkarlanıb- Hesablama Palatası açıqladı

yasillasdirma(1).JPG

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə (Birlik) ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Strateq.az xəbər verir ki, şöbə müdiri A.Abasovun nəzarət tədbirində tətbiq edilmiş metodlar, həmçinin əldə edilmiş audit sübutları ilə bağlı məlumatı dinlənilmiş, daha sonra fəaliyyət istiqaməti üzrə məsul auditor N.Həsənov müəyyən edilmiş nöqsanların xarakteri, nəticələr və auditor rəyində əks etdirilmiş tövsiyələr barədə məruzə edib.

Auditor bildirib ki, Nizamnamə tələblərinə riayət edilməyərək nəzarət subyektinin strukturu Bakı şəhəri İcra Hakimiyyətinin rəhbəri tərəfindən deyil, Birliyin rəhbərliyi tərəfindən təsdiq edilmiş, büdcə proqnozları tərtib edilərkən hesablamalar faktiki mövcud olan yaşıllıq ərazilərinə görə deyil, 1976-cı ildə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ərazilərə uyğun həyata keçirilmiş, qüvvədə olan normalara əməl olunmayaraq, yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid xərclər büdcə vəsaiti hesabına proqnozlaşdırılmışdır.

Qeyd edilib ki, 1 hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olmuş, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməmiş, fiziki və hüquqi şəxslərin istifadəsində qalan sahələr balansdan azaldılmamış, habelə həmin sahədə çoxillik əkmələrin, ərazilərin inventarizasiyanın aparılmaması səbəbindən Birliyin balansında olan yaşıllıq sahələri ilə faktiki yaşıllıq sahələri arasında uyğunsuzluq mövcud olub. Birliyin işçilərinin əmək haqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına yol verildiyi də bildirilib.

Auditor yaşıllıq xərclərinin maliyyələşdirilməsi zamanı smeta xərclərinin həddinə riayət olunmadığını, bəzi xərclər üzrə yaranmış qənaətin faktiki tələbat dəqiqləşdirilmədən təyinatının dəyişdirilərək digər xərclərə yönəldildiyini diqqətə çatdırıb.

Eyni zamanda, qeyd edilib  ki, nəqliyyat xərclərinin tərkibində yanacaqla bağlı xərclərin hesablanılması zamanı yanacağın pərakəndə satış qiyməti ilə (ƏDV ilə)  nəzərdə tutulmasına baxmayaraq, müvafiq xərclərin cəmi məbləğində yenidən ƏDV hesablanması, həmçinin maliyyələşmənin smeta və kalkulyasiya üzrə plan xərci əsasında aparılması səbəbindən artıq büdcə vəsaiti ödənilib.

Auditor “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitin xərclənməsi zamanı bəzi hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək satınalma metodu tətbiq edilmədən vəsait xərc edildiyini, əkin materiallarının və  mineral gübrələrin  müqavilə və tender təklifi qiymətlərindən baha qiymətə alınması nəticəsində icraçıya artıq büdcə vəsaitinin ödənildiyini vurğalayıb.

Məruzədə icarəyə götürülmüş bəzi nəqliyyat vasitələrinə balans dəyərindən artıq icarə haqqının köçürülməsinin yaşıllıqlara qulluq xərclərinin artımı ilə nəticələndiyi, ümumiyyətlə,  nəqliyyat xərclərinin tərkibində icarə haqqının xüsusi çəkisinin yüksək olduğu bildirilmiş, qüvvədə olan normalara əməl edilməməsinin aparat işçilərinin orta sayının normadan, saxlanma xərclərinin isə istehsalat sahəsi işçilərinin saxlanma xərclərindən çox olmasına səbəb olduğu, qeyd olunan bu amillərin isə son nəticədə idarəetmə xərclərini yüksəltməklə xərclərin səmərəliliyinə mənfi təsir göstərdiyi diqqətə çatdırılmışdır.

Sonda Auditor N.Həsənov auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib  ki, Birlik tərəfindən yaşıllıq sahələrinə qulluq edilməsi üçün tələb olunan xərclərin hesablanılması və istifadəsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə, təsərrüfathesablı gəlirlərin artırılması, xərclərin, o cümlədən icarə haqqı xərclərinin azaldılması və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi zəruridir.

Strateq.az