Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxt Bakıda yayılan məlumatlar sakinlərin valyutadəyişmə məntəqələrinə axışmasına səbəb olub.
Dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb.
Hələlik Mərkəzi Bankdan bir rəsmi açılama yoxdur. Amma dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var.
Mərkəzi Bank dekabrın 21-də “üzən məzənnə” rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyiblər.
Dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrindən birində axşam saatlarında gördüyümüz mənzərənin fotolarını təqdim edirik. Həmin məntəqədə məzənnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik idi.
(azadliq.org)