XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 14:40

Britaniya səfiri Lənkəran Dövlət Universitetində olub –FOTOLAR

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts cənub bölgəsinə səfəri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olub.

Bu barədə Strateq.az-a LDU-nun mətbuat xidmətindən məlumat verilib.

Xanım səfiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb. Hörmətli qonağa LDU, burada son iki ildə tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan modern islahatlar, kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tədbiqi  və sair barədə ətraflı məlumat verilib.

Universitetdə fəaliyyət göstərən xarici dil kafedrasının işindən ətraflı bəhs edən rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq, keyfiyyəti yüksəltmək məqsədi ilə  bu dildə səfirliyin xətti ilə xüsusi dil kurslarının açılmasına ehtiyac duyulduğunu qeyd edərək bu məsələyə xanım səfirin yardımçı olmasını xahiş edib.

Söhbət əsnasında Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin forma və istiqamətləri müzakirə edilib, LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin bu ölkənin nufuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi xanım səfirin diqqətinə çatdırılıb

Xanım  səfir Karol Krofts belə bir təkliflə təmsil etdiyi ölkənin aidiyyatı qurumlarını məlumatlandıracağını deyərək məsələnin həllinə yardımçı olacağını vəd edib. Sonra xanım Karol Krofts LDU-nun tələbələri ilə görüşüb. Universitet rəsmilərinin və medianın iştirakı olmadan keçirilən görüşdə Britaniyalı diplomat tələbələri maraqlandıran çoxsaylı suallları cavablandıraraq onlarla canlı təmas yaradıb.

Tələbələrlə görüşdən sonra LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov xanım səfirə universitetdən xatirə kimi universitetin ingilis dili müəllimi Aynur Rzayevanın əl işi olan, bölgə təbiətini əks etdirən  tablo hədiyyə edib. Universitetdəki görüşdən aldığı təəssüratla  bağlı medianın sualını cavablandıran xanım diplomat LDU ilə tanışlığın onda xoş hisslər oyatdığını, tələbələrin hazırlıq səviyyəsindən, səmimi diskussiyadan  razı qaldığını və cənub təbiətinə, qonaqpərvərliyinə məftun olduğunu bildirib. Sonda xatirə şəkilləri çəkilib.