XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 22:05

Onlayn alış-veriş əzələ zəifliyinə yol açır –Həkimlər həyəcan təbili çalır

İnternet bazarlığı və alış-verişi başlayanda çoxları rahat nəfəs aldı ki, canları supermarketlərə gedib oradakı basabasda olmaqdan, ağır zənbilləri evə daşımaqdan qurtardı. Lakin indi fizioterapevtlər həyəcan təbili çalırlar ki, bütün rahatlığına baxmayaraq internet bazarlığı bizim əzələlərimizin məhvinə yol açıb.

BBC radiosunun məlumatına görə, bu barədə "The Telegraph" qəzeti yazıb.

Fizoterapevtlər bildirir ki, bazarlıq yükünü evə daşımaq da fiziki təmrinlər etməyən milyonlarla adam üçün bir növ idman idi. Alimlərin firkrincə, cavanlıqda evə bazarlıq daşımaq ahıl yaşlarında adamların daha sağlam olmasına kömək edirdi.

Britaniya Fizioterapevtlər Cəmiyyətinin 2000 insanla apardığı sorğu göstərib ki, indi yaşı 65-dən yuxarı olanların 24 faizi ümumiyyətlə heç bir fiziki iş görmür.

Cəmiyyət xəbərdarlıq edir ki, belə adamlar yıxılmaq və başqa sağlamlıq təhlükələri qarşısında daha kövrəkdirlər.

Britaniya Milli Səhiyyə İdarəsinin təlimatlarına görə, adamlar həftədə heç olmasa iki dəfə əzələ gücləndirən təmrinlə məşğul olmalıdırlar. Bu mənada elə yük qaldırmaq, baqqal dükanından dolu zənbili evə daşımaq da fiziki hərəkətlər hesab edilə bilər. Təlimatlarda deyilir ki, yaşı 65 və daha çox olanlar hətta addımlamaq və tullanmaq kimi (rəqs etmək də bura daxildir) təmrinlər edə bilərlər.

Cəmiyyətin sədri Karen Middleton deyir ki, internetlə alış-veriş, bizi təkcə supermarketdən zənbil daşımaqdan yox, hətta başqa, daha yüngül şeyləri almaq üçün şəhərin başqa yerinə getmək zərurətindən də azad edib.

Yəni söhbət ümumiyyətlə hərəkətsiz həyat tərzinin təşəkkül tapmasından gedir. Alim bildirir ki, o müasirliyin əleyhinə deyil, amma insanlar fiziki hərəkətin həyati məna daşıdığını unutmamalıdırlar. Xanım Middleton deyir ki, adamlar zəifləmənin və gücsüzlüyün qocağlığın təbii yol yoldaşı olması barədə inancdan xilas olmalıdırlar.

Alim izah edir ki, heç kim yaşlılardan idman zalına gedib turnikdə dartınmalarını istəmir, amma bağ-bağatda yer şumlamaq, ağac, gül əkmək də idmandır. Onun fikrincə, oturduğun kresloda gündə on dəfə qalxıb-əyləşmək kimi xırda hərəkətlər də faydalı sayılır.

Yaşlıların İctimai Sağlamlığı təşkilatından doktor Justin Varney deyir ki, əslində insanın sümükləri daha cavan yaşlardan, hardasa 20 yaşlarından zəifləməyə başlayır. 40 yaşlarında əzələlərin əriməyə başlaması müşahidə olunur. Professorun fikrincə, elə buna görə də insanlar öz sümük-əzələ sistemlərinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə erkən yaşlardan başlamalıdırlar.