XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 14:14

Güvənilməyən səhiyyəmiz və ya çarəsiz xəstələrimiz…

Namiq Hacıheydərli

ölkəmizdə kifayət qədər həkim və tibb müəssisəsi var. Bir qədər konkretləşdirsəm, ölkəmizdə 32 min həkim, 58 min orta tibb işçisi var. Eləcə də, 500-dən artıq xəstəxana, 1700-ə yaxın ambulatoriya-poliklinika müəssisəsi mövcuddur. Verilən bilgilərə görə tibb müəssisələrinin çoxu müasir tibbi avadanlıqlarla təchiz edilib. Digər tərəfdən, son illər büdcədən ölkə səhiyyəsinə ayrılan vəsait ilbəil artırılır. Konkret rəqəmlərlə desəm, ölkəmizin səhiyyəsinə 2006-cı ildə 162 milyon, 2007-ci ildə 257,2 milyon, 2008-ci ildə 346,2 milyon, 2009-cu ildə 402,4 milyon, 2010-cu ildə 402,4 milyon, 2011-ci ildə 493,4 milyon, 2012-ci ildə 609,4 milyon, 2013-cü ildə 618,9 milyon, 2014-cü ildə 725,6 milyon manat vəsait ayrılmışdır. 2015-ci il üçün isə dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılan vəsait 777,7 milyon manat olmuşdur. Bu isə 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 158,7 milyon manat və yaxud 25,6 faiz artıq məbləğ deməkdir. Bu il dövlət büdcəsindən səhiyyə üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,7 faizdir. O zaman sual olunur: Bəs niyə ölkəmizdə səhiyyənin keyfiyyəti acınacaqlı durumdadır? Bəs niyə insanlarımız müalicə olunmaq üçün xarici ölkələrə üz tuturlar? Niyə imkanlılarımız müalicə üçün Avropaya, orta təbəqə Türkiyəyə, yoxsul insanlar isə İrana üz tutur? Hətta müalicə üçün xaricə üz tutanlar arasında Səhiyyə Nazirliyinin rəhbər vəzifəli şəxsləri də var. Statistik bilgilərə görə hər il Azərbaycandan yüz minlərlə insan İrana gedir. Onların 75-80 faizi müalicə üçün gedənlərdi. Müalicə üçün xaricə üz tutan insanlarımızın, özəlliklə İrana gedənlərin bir neçəsi ilə əlaqə saxladım. Alınan cavablar bir-biri ilə üst-üstə düşürdü. Alınan cavablar əsasən belə olur: “Bizdə müalicə xərcləri və dərmanlar həddən artıq bahadır. Burada bir əməliyyat üçün tələb olunan pulun yarısına İranda bir neçə gün qalmaq, müalicə olunmaq, gəzmək və bütün dərmanları almaq mümkündür”, “Bizim həkimlərimizə inamım yoxdur. Bakıda qoyulan diaqnoza və yazılan dərmanlara İranda həkimlər gülürdülər”, yaxud “Neçə ildi Azərbaycanda getmədiyim həkim qalmamışdı. Heç bir faydası yox idi. Ancaq üç ayda iki dəfə İrana getmişəm, özümü xeyli yaxşı hiss edirəm” və sair. Fikri soruşulanların əksəriyyəti bu kimi cavablar verir. Əlbəttə, bu cavablar Azərbaycan vətəndaşı və bir azərbaycanlı olaraq hər birimizi ağrıdır.

Könül istərdi ki, bu gün insanlarımız xaricə üz tutduqları kimi, gələcəkdə Türkiyədən, İrandan, Avropadan insanlar müalicə olunmaq üçün Azərbaycanı seçsinlər. Lakin bu gün ortada acı göstəricilər var: Azərbaycan insanı Azərbaycan səhiyyəsinə güvənmir, öz taleyini onun ixtiyarına vermək istəmir, səhiyyəmizdəki bahalıqdan çox narazıdır və apteklərdə satılan dərmanlarımızın keyfiyyətindən əmin deyil. Bu gün millətin ona olan güvənini itirən Azərbaycan səhiyyəsinin qarşısında duran ən mühüm məsələ Azərbaycan insanının inamını qazanmaq olmalıdır. Necə? Bunu da Azərbaycan səhiyyəsinin yetkililəri düşünsün…