XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 18:14

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Quzanlıda tədbir keçirdi –FOTO-lar

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Ağdam  rayonunun Quzanlı qəsəbəsində “Kənd təsərrüfatı kooperativlərinin yaradılması mövzusunda cəbhəyanı bölgələrdə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.

İctimai Birlikdən Strateq.az-a verilən məlumata görə, tədbirdə Ağdam rayonunda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ağdam rayon İcra hakimiyyətinin başçısının müavini Baxşeyiş Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahədə kiçik kəndli-fermer təsərrüfatlarının iriləşdirilməsi yolu ilə uğurlu, stabil və davamlı fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin rolunu qeyd edib.

B. Əliyev ölkəmizdə “Kənd təsərrüfatı kooperasiyası haqqında” AR Qanunun, "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının bu sahədə fəaliyyətlərin genişləndirilməsinə təkan verəcəyini  bildirib, bu yöndə yerli fermerlərin və kənd təsərrüfatı mütəxəssislərinin  vəzifələrindən danışıb.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov dünyada kooperativ hərəkatının tarixi və inkişafı haqqında, eləcə də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd rayonlarında yeni iş yerlərinin yaradılmasında  kooperativlərin rolu və yeri haqqında danışıb. O, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün artıq hüquqi və iqtisadi əsasların yaradıldığın vurğulayıb.

H. İsrafilov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd edərək, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərib.  O bildirib ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə qədərini təmin edir.

Ağdam rayon kənd təsərrüfatı idarəsinin rəisi Ramal Məmmədov keçirilən tədbirin kənd təsərrüfat işçiləri üçün əhəmiyyətini qeyd etmiş, rayonda ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər haqqında məlumat vermişdir.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, hüquqşünas Aydın Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” AR Qanununun məzmununu izah edib, kooperativlərin qanunauyğun yaradılması və fəaliyyəti üçün görülməli olan işlərdən danışıb.

QHT-lər üzrə tanınmış ekspert Sevda Məmmədova kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlərarası əlaqələrin qurulması üçün internet resuslarının rolu haqqında məlumat verib.

Fermerlər Nizami Quliyev, Eldar Qasımov, Təvəkkül Həsənov, kənd təsərrüfat mütəxəssisi Əli Bağırov, bələdiyyə nümayəndəsi Mahir Əhmədov və başqaları əldə etdikləri uğurlardan, eləcə də su, kredit, gübrə, dərman preparatları, toxum və s. ilə bağlı yaranan problemlərdən danışıblar.

Sonda iştirakçılar arasında sorğu keçirilib, onlara öz fəaliyyətlərində zəruri olan normativ və metodiki vəsaitlər paylanıb.