XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 January 2016 - 13:27

“Professor-müəllim heyətinin orta yaş həddi arzuolunmayan səviyyədədir” – Nazirliyin sektor müdiri

“Ali təhsil müəssisələrinin rəhbərliyi professor-müəllim heyətinin tərkibini dəyişdirə, rasionallaşdıra və cavanlaşdıra bilər”.

Bu barədə SalamNews-a açıqlamasında Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində kadr potensialının formalaşdırılması universitetlərin rəhbərliyi tərəfindən həyata keçirilir:

“Onlar bu sahədə tam sərbəstdirlər. Ali təhsil müəssisələrində professor müəllim heyəti müsabiqə yolu ilə seçilir. Həmin müsabiqə prosesində adı çəkilən heyətin seçilməsi ilə bağlı müsabiqə komissiyası, elmi şuralar fəaliyyət göstərir. Yəni, müsabiqənin aparılma şərtləri və müsabiqədə qoyulan tələblər mövcuddur”.

S.Gözəlov qeyd edib ki, sadalanan meyarlar nəzərə alınmaqla ali təhsil müəssisələrinin rəhbərliyi professor-müəllim heyətinin tərkibini dəyişdirə, rasionallaşdıra, cavanlaşdıra bilər. Onlar daha cavan kadrları cəlb edə bilərlər. Ali təhsil ocaqları bu üsulla bu məsələləri tənzimləyə bilərlər. Bununla onlar ali təhsil müəssiələrində tədris keçən professor-müəllim heyətinin orta yaş həddini idarə etmiş olarlar: “Hazırda ali təhsil müəssiələrimizdə professor-müəllim heyətinin orta yaş həddi arzuolunmayan səviyyədədir. Azərbaycan ali təhsil müəssisələrində bu yaş həddi təqribən 55-65 civarında dəyişir. Arzuolunan səviyyə mövcud rəqəmdən 10 il aşağı olsa daha yaxşı olar. Bu prosesin idarə olunması üçün kifayət qədər səlahiyyətlər və mexanizmlər var. Bu mexanizmlər bütövlükdə ali təhsil müəssisələrinin rəhbərliyinə aiddir. Hər bir universitet rəhbərliyinə ölkə başçısı tərəfindən səlahiyyətlər verilib. Eyni zamanda təhsil sahəsində qanunvericilik aktları normativ sənədlər çərçivəsində əmək məcəlləsinin tələbləri gözlənilməklə ali təhsil müəssisələri özləri professor-müəllim heyətinin tərkibini idarə edib nizamlamalıdırlar”.

Sülhəddin Gözəlovun sözlərinə görə, ali təhsil ocaqları artıq müəyyən rəqabət qarşısındadır. çünki ali təhsil xidmətləri özü bir bazardır:

“Bu bazarda ali təhsil müəssisələri keyfiyyəti saxlaya bilməyəcəklərsə, təbii olaraq, bir sıra ali təhsil ocaqları həmin təhsil xidmətləri bazarından zamanın süzgəcinə davam gətirməyib çıxacaqlar. Bu reallıqdır. Bu baxımdan universitetlərdə tədris keçən müəllimlərin orta yaş həddi məsələsi ali təhsil müəssisələrinin rəhbərlərini narahat edir. Onlar bu məsələnin üzərində düşünür, eyni zamanda bu prosesi müəyyən mənada idarə etməklə bağlı addımlar atırlar. Yəni, ali təhsil müəssisələrində bu sahədə işlər aparılır. Xaricdə təhsil almış magistr, doktor diplomu alan gənclərin ali təhsil ocaqlarına cəlb olunması məsələləri var. Kadr potensialının yerləşdirilməsi istiqamətində işlər aparılır. Lakin bu proses arzu olunan səviyyədə getmir”.

Nazirlik rəsmisi bildirib ki, bütün dünyada ali təhsil müəssisələrində professor-müəllim 65 yaşa çatan kimi özü təhsildən uzaqlaşır, özünə daha uyğun işlə məşğul olmağa başlayır:

“çünki həmin müəllim bilir ki, onun burada qalması təhsildəki inkişafı müəyyən qədər ləngidəcək. Vaxtında həmin arenadan gedib yerini gənc kadra vermək həm qocaman müəllimin özü, həm gənclər, həm də dövlət üçün daha yararlıdır. Düşünürəm ki, bizim də professor-müəllim heyətimizdə, cəmiyyətimizdə, ali təhsil müəssisələrinin rəhbərliyində də təhsilə olan münasibət yaxın zamanda dəyişəcək”.