XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 14:33

Azərbaycanda sürüşmə təhlükəsi olan ərazilər- Açıqlandı

Bakının Masazır, Zığ qəsəbələri, Amfiteatrın cənub şərq-şərq qanadları, Bayıl, 20-ci sahədən Bibiheybətə qədər olan ərazilər sürüşmə, uçqun baxımından təhlükəli sahələrdir.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov APA-ya deyib ki, həmin ərazilərdə güclü yamac bərkitmə işlərinin görülməsinə ehtiyac olduğu dəfələrlə bildirilsə də, bu günə qədər konkret tədbirlər həyata keçirilməyib. Şöbə müdiri qeyd edib ki, Badamdar yolunda sürüşmə təhlükəsi hələ də qalmaqdadır: “Bu yolda bir dəfə sürüşmə baş verib və təhlükə yenə də mövcuddur. Yamaclara baxış zamanı orada qalın dellivual çöküntülərin olduğu müəyyənləşib. Onlar da sürüşməyə meylliyi artırır. Yağıntı çox düşən kimi belə ərazilərdə sürüşmə təhlükələri baş verə bilər”.
 
M.İsmayılov qeyd edib ki, Bakının Zığ, Masazır qəsəbələrində, Günəşli yaylasının şimal, şimal-şərq yamaclarında olan evlər sürüşmə təhlükəli ərazilərdə yerləşir.
 
Şöbə müdirinin sözlərinə görə, bu gün ölkənin dağlıq ərazilərinin 60 faizi sürüşmə təhlükəlidir: "Azərbaycanda bir qrup alim tərəfindən sürüşmələrin risk və təhlükə səviyyəsinin tədqiqatı aparılıb. Məlum olub ki, Böyük Qafqazın cənub-şərq yamacında, xüsusilə, Quba, Qusar, Altıağac, Şamaxı, Ağsu, İsmayıllı rayonlarının alçaq və orta dağlıq hissələrində yüksək riskli sürüşmə sahələri 53,3 faizdən çoxdur. Bu da çox ciddi bir rəqəmdir. Ona görə də həmin ərazilərdə aparılan təsərrüfat işləri mütləq alimlər, AMEA-nın müvafiq institutları ilə razılaşdırılmalıdır. Çox təəssüf ki, bunu hiss etmirik. Sürüşmə riski daşıyan digər ərazilərdən biri də Talış dağlıq ərazisidir. Burada da ən çox sürüşmələr yollara, kəndlərə, çay hövzələrinə yaxın sahələrdə baş verir. Böyük Qafqazın cənub-şərq yamacında Girdimançay, Ağsuçay, Pirsaatçay, Sumqayıtçay, Tuğçay, Gilgilçay, Vəlvələçay, Qudyalçay hövzələrindəki ərazilər isə həm qədim, həm də müasir dövrdə sürüşmə riski daşıyan sahələr kimi qeyd olunur. Həmin çay hövzələrinin yaxınlığında yerləşən məntəqələrdə yaşayış da təhlükəlidir. Amma evlərdən başqa, insanların əkin apardığı, heyvanları saxladığı sahələr də var ki, sürüşmələr bu ərazilər üçün təhlükə daşıyır”.