XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 14:51

Tovuz və Fransanın Konyak şəhərləri QARDAŞLAŞDI

konyak.jpg

Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri arasında qardaşlaşmaya dair sazişin qüvvəyə minməsi ilə bağlı sənədin imzalanması mərasimi keçirilib.

“Strateq.az” AzərTAC-a istinadən bildirir ki, Konyak şəhərinin meriyasında keçirilən mərasimdə çıxış edən mer Mişel Qurinşas xatırladıb ki, bu sənəd ilk dəfə 2014-cü ilin mayında Tovuzda və hər iki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda imzalanıb. Qardaşlaşma sazişinin müvafiq qaydalarına əsasən bu cür sənədlər hər iki ölkədə imzalandıqdan sonra rəsmən qüvvəyə minir. Ona görə də bugünkü imzalanmadan sonra Konyak və Tovuz şəhərləri rəsmən qardaşlaşacaqlar.

Konyakın indiyə qədər dünyanın bir neçə şəhəri ilə analoji sənədlər imzaladığını vurğulayan mer Tovuzla əməkdaşlıqdan məmnun olduqlarını, bundan sonrakı əlaqələrin artıq əsl qardaşlıq prinsipləri əsasında həyata keçiriləcəyini qeyd edib.

Azərbaycana, o cümlədən Tovuza səfərlər etdiklərini xatırladan mer ölkəmizin son illərdə böyük iqtisadi nailiyyətlər qazandığını vurğulayıb. Bu sənədin xüsusilə hər iki şəhərin vətəndaşları üçün faydalı olacağına əminliyini bildirib.

Azərbaycanlı jurnalistlərə verdiyi müsahibəsində Mişel Qurinşas deyib:

“Mən Azərbaycanla, Tovuz şəhəri ilə indiyə qədər qurduğumuz əlaqələrdən çox məmnunam. İlk növbədə arzulayıram ki, sakinlərimiz arasında əlaqələr yaransın. Fransızlar Azərbaycana, Tovuza getsinlər, azərbaycanlılar isə Fransaya, Konyaka gəlib buranı özləri üçün kəşf etsinlər. Bu, əlbəttə, qarşılıqlı əlaqələr qurmağa kömək edər. Baxmayaraq ki, hələlik dil məsələsində kiçik çətinliklərimiz var. Lakin mən bilirəm ki, Azərbaycanda fransız dilini yüksək səviyyədə tədris edən liseylər və fransız dili müəllimləri var. Bütün bunlar gələcəkdə müsbət bəhrələrini verəcək”.

“Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, son illərdə ölkələrimizin rəhbərlərinin xüsusi səyləri nəticəsində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edir. Əlaqələrimizin hərtərəfli genişlənməsi Fransa və Azərbaycanının regionları arasında əməkdaşlıq üçün də geniş imkanlar yaradıb. Bu mənada Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasını nəzərdə tutan bu tarixi sənədin imzalanması çox mühüm əhəmiyyət kəsb edir. ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə indiyə qədər Fransanın digər regionlarında olduğu kimi, Konyakda da yüksək səviyyəli tədbirlərin keçirildiyini xatırladan T.Zeynalov bu sazişin qüvvəyə minməsi ilə hər iki şəhərin əməkdaşlığının daha da dərinləşdirilməsi üçün böyük perspektivlər açılacağını söyləyib. O, sənədin ən çox qədim Tovuz və Konyak şəhərlərinin əhalisi üçün faydalı olacağını diqqətə çatdırıb”.

Sonda Konyak şəhərinin meri və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı qardaşlaşmaya dair sənədi imzalayıblar.

Mərasimdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.