XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2017 - 14:55

Ağcabədidə fermerlər və bələdiyyə üzvləri  üçün ictimai dinləmə keçirilib –FOTO

Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Ağcabədi  rayonunda Gənclər Mərkəzində  “Kənd təsərrüfatı kooperativlərinin yaradılması mövzusunda cəbhəyanı bölgələrdə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində Ağcabədi rayonunda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri üçün ictimai dinləmə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra hakimiyyətinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Muxtar Bağırov  ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən qayğıdan danışmış, bu sahədə Ağcabədi rayonunda olan fermer təsərrüfatlarının uğurlu fəaliyyətindən nümunələr göstərmişdir. M. Bağırov “Kənd təsərrüfatı kooperasiyası haqqında  “AR Qanunun qəbul edilməsini və "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" nın Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiqini  bu işin daha da vüsət almasına  təkan verəcəyini  bildirmişdir.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov kooperativ hərəkatının tarixi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində və   iş yerlərinin yaradılmasında  kooperativlərin rolu və yeri haqqında danışmışdır. O, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün hüquqi və iqtisadi əsasların yaradıldığını, Prezident İlham Əliyevin ortaya qoyduğu siyası iradənin mövcud olduğunu xüsusi vurğulamışdır. H. İsrafilov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd etmiş, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərmişdir.  O, bildirmişdir ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə qədərini təmin edir.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, hüquqşünas Aydın Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında “AR Qanunun məzmununu izah etmiş, kooperativlərin qanuna uyğun yaradılması və fəaliyyəti üçün görülməli olan işlərdən danışmışdır.

QHT-lər üzrə tanınmış ekspert Sevda Məmmədova kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlər arası əlaqələrin formalaşması üçün internet resuslarının rolu haqqında məlumat vermişdir. “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti  Zülfüqar Niftiyev  kooperativlərin maliyyə təminatı və kreditləşməsi ilə bağlı mexanizmlər haqqında danışmışdır.

Fermerlər Ələmdar Abbasov, Mehman Cəfərov, Eldəniz Qənbərov və başqaları rayonda kənd təsərrüfat məhsullarının istehsalı ilə bağlı əldə etdikləri uğurlardan, eləcə də, qarşılaşdıqları problemlərdən danışmışlar. Diskusiya şəraitində keçən tədbirdə kooperativlərin yaranması və inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür. İştirakçılar arasında rəy sorğusu keçirilmişdir. İştirakçılara kənd təsərrüfat kooperativlərinin yaradılması və fəaliyyəti üçün  zəruri olan normativ və metodiki vəsaitlər  paylanmışdır.