XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2017 - 19:30

Azərbaycan vətəndaşlığı almış 301 nəfər and içdi –Dövlət himnini oxudular - FOTO

Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ilə 301 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib.

Hazırda Azərbaycan Respublikasının vətəndaşı olmaq kimi şərəfə nail olanlarla görüşün həm Dövlət Bayrağı Günü, həm də Konstitusiya Günü ərəfəsinə təsadüf etməsinin də əhəmiyyəti vurğulanıb. Sonra vətəndaşlığa qəbul olunan 294 və bərpa edilmiş yeddi şəxs təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 2014-cü il 30 dekabr tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən keçirilir. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.