XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2017 - 20:40

Azərbaycanda şəkər xəstələrinin sayı açıqlandı –Onların arasında mindən çox uşaq var


“Azərbaycanda şəkərli diabet xəstəliyinə tutulanların sayının artması müşahidə olunur. Belə ki, 2017-ci ilin sentyabr ayının əvvəli üçün respublikanın müalicə-profilaktika müəssisələrində qeydiyyata alınan diabet xəstələrinin sayı 241. 223 nəfər təşkil edib ki, onların da 73.367 nəfəri Bakı şəhəri sakinidir.

Bu barədə Ümumdünya Diabet Günü ərəfəsində AZƏRTAC-a müsahibəsində Azərbaycan Diabet Liqasının (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkimi Yeganə Sultanova məlumat verib

 Onun sözlərinə görə, II tip şəkərli diabetdən 29.830 adam (1683 nəfəri Bakı sakini), I tip diabetdən 211.493 adam (71.684 nəfəri Bakı sakini) əziyyət çəkir. Bundan əlavə, Azərbaycanda diabet xəstəsi olan 1543 uşaq rəsmi olaraq qeydə alınıb ki, onların da 556 nəfəri paytaxt sakinidir. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da diabet xəstələrinin sayının artmasının əsas səbəbi azhərəkətli həyat tərzi, yanlış qidalanma, artıq çəkidir. Sağlam həyat tərzinə riayət olunsa, II tip diabet hallarının təxminən 70 faizinin qarşısını almaq mümkündür. Sağlam qidalanma, müntəzəm fiziki fəallıq, çəkini normal səviyyədə saxlamaq və siqaret çəkməkdən imtina etmək sayəsində II tip diabetə tutulmanın qarşısını almaq, I tip diabeti isə idarə etmək mümkündür.

Həkimin sözlərinə görə, hazırda dünyada 199 milyondan çox qadın diabet xəstəsidir. Diabetdən əziyyət çəkən hər beş qadından ikisi, yəni 60 milyondan çox qadın reproduktiv yaşdadır. Diabet qadınlar arasında ölüm hallarının doqquzuncu aparıcı səbəbidir. Hər il 2,1 milyon qadın bu xəstəlikdən dünyasını dəyişir. II tip diabeti olan qadınlar ürəyin işemik xəstəliyindən 10 dəfə çox əziyyət çəkir. I tip diabeti olan qadınlarda erkən uşaqsalma, yaxud inkişaf qüsurlu uşaqların doğulması riski var.

Dünyada hər 10 saniyədən bir iki adama “şəkərli diabet” diaqnozu qoyulur, bir adam isə şəkərli diabetin fəsadlarından dünyasını dəyişir. Dünya ölkələrinin çoxunda ürək-damar və onkoloji xəstəliklərdən sonra bilavasitə ölüm səbəbləri arasında üçüncü yeri şəkərli diabet tutur. Hazırda dünyada şəkərli diabetə tutulmuş təxminən 422 milyon xəstə var. Bu xəstəlik vaxtında müalicə olunmayanda, çox ciddi fəsadlar törədir. Sürətlə inkişaf edən xəstəlik sosial-tibbi problemlər yaradır, ölkələrin iqtisadiyyatlarına və ailələrin maddi durumuna təsir göstərir. Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, diabetdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər artaraq 642 milyon nəfərə çata bilər.

1991-ci ildən 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2006-cı il dekabrın 20-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə görə, Ümumdünya Diabet Günü 2007-ci ildən BMT-nin rəsmi günü elan edilib. 14 noyabr Frederik Bantinqin doğum günüdür. Bu alim 1922-ci ildə Çarlz Best ilə birlikdə insulini kəşf edərək, bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsində yeni dövr açıb. Şəkərli diabetə qarşı ümumdünya mübarizə gününün əsas məqsədi bu xəstəlik, onu törədən səbəblər və əlamətləri barədə əhalini məlumatlandırmaqdır.