XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

16 Noyabr 2017 - 19:44

Gürcüstandakı soydaşlarımız ana dilində dərslik tapa bilmir –Təhsil Nazirliyindən isə səs çıxmır

Gürcüstanın Bolnisi rayonunun məktəbliləri ana dilində tədris vəsaitlərinin çatışmazlığı problemi ilə üzləşiblər.

Bu barədə hafta.az-a Gürcüstandakı bir qrup soydaşımızdan məktub daxil olub.

Soydaşlarımız bildirirlər ki, Bolnisi rayonunun iki məktəbində şagirdlər Azərbaycan dili, ədəbiyyat və Azərbaycan tarixi  dərsliklərinin çatışmazlığı problemini yaşayırlar. Belə ki, Qvemo Arkevani kənd məktəbində 89 soydaşımız təhsil alır ki, onların adıçəkilən kitablarla bağlı problemi indiyə kimi öz həllini tapmayıb. Şagirdlərin valideynləri Gürcüstanda aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini deyirlər:

“Qvemo Arkevanidə (Yuxarı Qoşakilsə) 89 şagird təhsil alır. Zemo Arkevanidə (Aşağı Qoşakilsə)  isə 42 məktəbli oxuyur. Azərbaycan dili, ədəbiyyat və Azərbaycan tarixi kitabları sarıdan problemlər yaşayırıq. Bu da şagirdlərin dərsə hazırlıqsız getməsinə səbəb olur. Tədris ilinin ortasına yaxınlaşırıq, amma dərslik vəsaiti problemimiz öz həllini tapmayıb. Ümid edirik ki, Azərbaycan Təhsil Nazirliyi məsələyə biganə qalmayacaq”.

Soydaşlarımızın ünvanladığı məktubda şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaş dövrlərinə uyğun bədii kitab sarıdan əziyyət çəkdikləri də qeyd olunub. 

O da vurğulanıb ki, hər iki kənddəki Azərbaycan məktəbi təmirsizlikdən əziyyət çəkir və soydaşlarımızın təhsil aldığı bina istismar müddətini çoxdan başa vurub. Məktəb binasının acınacaqlı vəziyyətdə olduğu bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənməyə çalışdıq. Dəfələrlə etdiyimiz cəhdlərə baxmayaraq, telefonlarımıza cavab verən tapılmadı.